Səbəb kimi qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməməsi göstərilir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (“AXCP”) Ədliyyə Nazirliyini məhkəməyə verib.
Səbəb partiyanın sonuncu qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməməsidir.
Məlumatı “Müdafiəçi” Hüquq Mərkəzi yayıb.
Bildirilir ki, oktyarbın 6-da nazirliyə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilib.
Partiya 2023-cü il 24 iyun tarixli AXCP VII qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasını tələb edir.
Oktyabrın 9-da iddia ərizəsi baxılması üçün Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahovanın icraatına verilib.
İddia ərizəsinə əsasən, nazirlik qurultayın nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan heç birini göstərməyib və qurultay Nizamnamənin tələblərinə uyğun olaraq həyata keçirilib.
Qaldırılan mülki iddianın hüquqi nəticələrin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas təşkil etmir.
İddia ərizəsində Nazirliyin imtinaedici aktının Konstitusiyanın (58-ci maddə – birləşmək hüququ), Avropa İnsan Hüquqları Konvensiyasının (“AİHK”) (11-ci maddə – toplaşmaq və birləşmək azadlığı hüququ və 18-ci maddə – hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət reyestri haqqında” qanunların tələblərinə zidd olduğu qeyd edilir.
AXCP-nin qeyd edilən iddia ərizəsi “Müdafiəçi” Hüquq Mərkəzi və vəkil Fəxrəddin Mehdiyevin birgə əməkdaşlığı ilə hazırlanıb.
2023-cü il iyunun 24-də AXCP VII qurultayını keçirib. Qurultay nəticəsində Partiyanın sədri və Nəzarət Təftiş Komissiyasına üzvlər seçilib, Ali Məclisin yeni tərkibi təsdiq olunub, eləcə də digər qərarlar qəbul edilib.
İyunun 28-də bu faktın dövlət reyestrinə daxil edilməsi üçün qurultayın sənədləri partiyanın səlahiyyətli şəxsi tərəfindən Nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim edilib.
Sentyabrın 1-də Nazirlik AXCP-nin VII qurultayının nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina edib.
Nazirliyin imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb.
AXCP 2023-cü il sentyabrın 9-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Azərbaycanda siyasi partiyalar bu il yanvarın 11-də qüvvəyə minən yeni “Siyasi partiyalar haqqında” Qanuna uyğun təkrar qeydiyyat üçün üzvlərinin siyahılarını Ədliyyə Nazirliyinə göndəriblər.
1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoymuşdu.
Yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb.
Dövlət qeydiyyatında olan 60-a yaxın partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib.
Həmin müddət iyulun 10-da bitib.
Qanunun qəbulundan sonra hansı partiyalar buraxılıb?
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.
Qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.
Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Ədliyyə Nazirliyi Yeni Azərbaycan, Ağ, Vətəndaş Həmrəyliyi, Milli Dirçəliş Hərəkatı, Milli Cəbhə, Ana Vətən, Haqq Ədalət, Milli İstiqlal, Ümid, Böyük Azərbaycan, Demokrat, Xalq, Vəhdət, Azad Vətən, Klassik Xalq Cəbhəsi, Müasir Müsavat partiyalarını təkrar qeydə alıb.