AXC-in tapdanan idealları

Şeypurlar susmamış AXC idealları unuduldu

Source:


Şeypurlar susmamış AXC idealları unuduldu

28 mayda Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci illiyi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik respublika 28 may 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən elan edilmişdi.

Müstəqillik Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikası yaradıldığı elan edilirdi. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycanda yaşayan xalqlar suveren haqlara malikdir və Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.

Siyasi idarəetmə forması demokratik respublika idi. O, bütün beynəlxalq birlik, xüsusən qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaq niyyətində idi. Milli, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara siyasi haqlar verirdi. AXC Şərqdə ilk demokratik parlament respublikası idi.

23 ay mövcudluğu dövründə AXC bir sıra vacib qanunlar qəbul etmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmışdı. AXC cəmi iki il ömür sürsə də, özünü dünyəvi, demokratik inkişaf yolunun və müasir parlament respublikasının ardıcıl tərəfdarı kimi təsdiq edə bildi. Və nəzərə alaq ki, o vaxt obyektiv və subyektiv şərait o vaxt bu idealların həyata keçirilməsi üçün çox az əlverişli idi.

AXC-nin yubileyi ərəfəsində indi Azərbaycanda demokratiyanın vəziyyətinin necə olduğuna nəzər salmaq yerinə düşər. 1992-ci ildə SSRİ dağılandan sonra Xalq Cəbhəsi hakimiyyəti demokratik respublikanın bütün ideallarını həyata keçirməyə cəhd etdi. Amma ilk addımlardan sonra devrildi. Hakimiyyət vakuumu şəraitində Heydər Əliyev hakimiyyəti ələ alıb, sovet və postsovet avtoritarizminin simbiozunu yaratdı.

Hakimiyyətə qayıtdığı ilk gündən Əliyev elan etdi ki, demokratiya kursuna sadiqdir və bu, 1995-ci ilin yeni Konstitusiyasında əksini tapdı. Siyasi Büronun keçmiş üzvü hakimiyyətinin ilk 3 ilində çox şeylər edə bildi: xarici siyasi təcridi aradan qaldırdı, ölkənin imicini yüksəltdi, müharibədə “fasilə” yaratdı, Qərbyönlü kursu möhkəmləndirdi, neft müqavilələri bağladı, “güc müxalifəti” və oxlokratiya tendensiyasını neytrallaşdırdı, inflyasiyanı ram etdi, özəlləşdirməyə başladı. Bu işlər dövlətçiliyi və suverenliyi möhkəmləndirdi, islahat və demokratikləşmə üçün əlverişli fon yaratdı. Təəssüf ki, bunlar bir çox mənfi tendensiyalar üçün əsas yaratdı: qeyri-məhdud avtoritarizm (mütləqiyyət), şəxsiyyətə pərəstiş, kütləvi korrupsiya, məmur özbaşınalığı, klan oliqarxiyası, siyasi senzura, polis rejimi, mənəvi eroziya və s. Bunların bir çoxu İlham Əliyevin vaxtında intensiv xarakter aldı.

Cəmiyyətin böyük hissəsinin ölkədəki qayda-qanunun demokratiya zonasına (islahatların keçirilməsi, hüquqi və vətəndaş cəmiyyəti formalaşdırılması) daxil olması ilə nəticələnəcəyi ümidləri özünü doğrultmadı. Cəmiyyət və xarici tərəfdaşlardan “kart-blanş” alan hakimiyyət planlı şəkildə ölkədə demokratiyanın inkişaf kanallarını qapamağa başladı. Nəticədə sabitlik tərəqqinin təminatı üçün vasitədən mənfiliklərin artırılması üçün məqsədə çevrildi. Avtoritar demokratiya doktrinası isə şəxsi hakimiyyətin möhkəmləndirilməsi üçün rahat siyasi şirma oldu. Azərbaycan dövlətçiliyin və suverenliyin möhkəmləndirilməsi yolu ilə irəliləsə də, demokratiyaya yaxınlaşmadı. Avtoritarizmin (və alternativsiz prezidentin) güclənməsi oxlokratik böhranlar imkanını istisna etməyən qeyri-demokratik perspektivlər ehtimalını gücləndirir. Ölkədə demokratik institutlar və dəyərlər açıq deklorativ xarakter alıb. “Cib” Məclisi, hökuməti, məhkəmə sistemi, KİV olduğu bir vaxtda demokratiyanın da “cib” demokratiyasına çevrilməsinə təəccüblənməyə dəyərmi?

Avtoritar hakimiyyət AXC-nin bəyannamə və qanunvericilik qərarlarında əksini tapan bütün prinsipləri pozur:


Hakimiyyət bölgüsü prinsipi.

Hətta formal şəkildə əməl edilmir. Qanunverici, icra və məhkəmə hakimiyyəti üfiqi şəkildə ayrılsa da, şaquli xətt üzrə prezidentə tabe edilib. Onların müstəqilliyindən danışmağa dəyməz.


Plüralizm prinsipi.

Formal olaraq ölkədə bir çox partiya, KİV var, amma onların “doğuşu və ölümü” qanunla yox, dövlət başçısının niyyəti ilə tənzimlənir. Ölkənin ictimai-siyasi həyatı üzərində total nəzarət formasında siyasi senzura qalır. Korrupsiya, məmur özbaşınalığı, klan inhisarçılığı və islahatların gecikməsi üzündən iqtisadi plüralizmin inkişafı üçün şərait yoxdur. Avtoritarizmin artımı plüralizm imkanlarının aradan qalxmasına və “alternativsiz cəmiyyət” formalaşmasına aparır.


Qanunun aliliyi prinsipi.

Azərbaycanda hər bir məsələdə prezidentin iradəsinin aliliyi prinsipi üstündür: 2009-cu ildə sərtləşdirilən Konstitusiya onun adı ilə bağlıdır və onun iradəsinə tabe edilib. O, yeganə və rəddedilməz qanun və asayişin mənbəyidir. Bu praktika isteblişmentdə təhlükəli davranış stereotipi yaradır: konstitusiya və qanunları pozmaq olar, amma prezidentin iradəsinə qarşı çıxmaq yox. Ona görə Konstitusiya işləmir, qanunlar tez-tez pozulur.


Seçki üsulu prinsipi.

Bütün səviyyələrdə açıq və ədalətli seçkilərin keçirilməsi demokratikliyin rəhnidir. Amma hakimiyyət seçkiləri “qapalı” ssenari ilə keçirir. Seçki qanunvericiliyinin sərtləşdirilməsi: nəzarət edilən seçki komissiyaları, namizədlərin qeydiyyatının mürəkkəb proseduru, seçkiöncəsi kampaniyanın 60 günə, təşviqat dövrünün 28 günə endirilməsi, televiziyada təşviqata məhdudiyyət, şikayətlərə baxılmasnın qeyri-şəffaflığı, toplaşmaq azadlığının məhdudlaşdırılması aşkarlıq və demokratiklikdən xəbər vermir.

Demokratiyanın başqa atributları: vətəndaş cəmiyyətinin formalaşması, insan haqlarına əməl edilməsi, söz, yığıncaq azadlığı və s. ilə bağlı vəziyyət də yaxşı deyil. Səbəb eynidir: avtoritarizm. Demokratiyanın vəziyyətini belə olmasının günahı yalnız prezidentdə deyil. Cəmiyyət, siyasi müxalifət və xarici tərəfdaşlardan da çox şey asılıdır. Ona görə qarşıdan gələn seçkilər növbəti vacib testdir: Azərbaycanda demokratiya olsun, olmasın? AXC idealları bir əsr sonra təcəssümünü tapacaqmı?

2008-ci ildə ikinci dəfə seçiləndən sonra İlham Əliyev vəziyyəti bir qədər dəyişmək istədi: təhsil, elm, mədəniyyət təşkilatlarında xüsusi konfranslar, xüsusi bayram tədbirləri keçirilməsi və s. Prezident özü “Müstəqillik Bəyannaməsi” abidəsinə əklil qoydu. Respublika Günü ilə bağlı Milli Məclis xüsusi iclas keçirdi, “Gülüstan” sarayında yubiley təntənəsi oldu. Mayın 28-də axşam Milli Parkda bayram konserti və xalq gəzintisi oldu.

Son şeypurlar susmamış AXC idealları unuduldu. Demokratik azadlıqların və insan haqlarının pozulmasında yeni era başladı. Beynəlxalq tənqidlər və ictimai narazılıq şəraitində növbəti prezident seçkiləri ərəfəsində bu tendensiya daha da artır. Beş il keçəndən sonra prezident Şərqdə ilk demokratik respublika mövzusuna qayıtmır. Bu mövzu artıq hakimiyyət üçün aktual deyil. (“Turan” İA)

Ana səhifəXəbərlərAXC-in tapdanan idealları