Avtostopçu: Gitara çalmışam, oteldə işləmişəm, hətta yemək qarşılığında qabları yumuşam…

Elmar Camalovun ən mənfi təəssüratları Rusiyayala bağlıdır

Source: Meydan TV


Elmar Camalovun ən mənfi təəssüratları Rusiyayala bağlıdır

“Səyahət insana balaca şeylərlə xoşbəxt olmağı öyrədir” – o, belə düşünür. Yeni insanlar tanımaq, fərqli hekayələr dinləmək, bir az macəra yaşamaq həvəsi ilə bu həyat tərzini seçdiyini deyir. Söhbət gənc avtostopçu Elmar Camalovdan gedir. Onu ənənəvi səyyahlardan fərqləndirən istədiyi zaman çantasını çiyninə atıb səfərə çıxa bilməsidir, bunun üçün ona nə bilet almaq, nə də otel bronlamaq lazım deyil.

Elmar deyir ki, avtostopa tələbəlik illərində başlayıb. İlk dəfə pulsuzluqdan məcbur olsa da, sonradan həyatının ayrılmaz hissəsinə çevrilib avtostop. İlk səyahəti ilə həm də bir çox stereotiplərdən qurtulub: “21 yaşım vardı, Türkiyənin Bursa şəhərində oxuyurdum. Gəzmək, İzmirə getmək istəyirdim. Avtobus qiymətləri ilə maraqlandım, baha idi, o qədər pulum yox idi. Mən də avtostop etməyə qərar verdim. Deyirdilər ki, “Tır”lara minmə, “Kamaz” sürücülərindən uzaq ol, amma İzmirə məni bir “Tır” sürücüsü apardı. Bütün səyahətlərim boyunca da ən səmimi münasibəti belə insanlardan, aşağı sinifdən olanlardan gördüm. Avtostopçuları ən çox onlar maşınlarına alır, kömək edir”.

Gəncin sözlərinə görə, avtostopla bağlı bir çox yayğın gümanlar əsassızdır. Məsələn, səyahətlər zamanı dil bariyerinin ciddi problem olmadığını deyir, o: “Dil bilmək təbii ki, üstünlükdür, amma ilkin səviyyədə bir-birimizi başa düşmək üçün buna ehtiyac yoxdur. Su istədiyini bildirmək üçün “water”, “voda” sözlərini bilmək şərt deyil, əl-qol hərəkətləri ilə də başa salmaq olar. Dillə bağlı çox yanlış stereotiplərimiz var, insanların bir-birini anlaması daha asandır əslində. Şəxsən mən indiyə kimi getdiyim ölkələrdə heç vaxt belə problem yaşamamışam”.


Qazaxıstanda 3 günə 320 dollar qazandım

Elmar deyir ki, yola başlayan avtostopçunun cibidolu olmasındansa, cibiboş olması yaxşıdır. Çünki pulun bitməyə doğru insanda yaratdığı narahatlıq var ki, əvvəlcədən pulun olmayanda həmin hissi heç yaşamırsan. “Pul qazanmaq üçün çoxlu vasitə var, xüsusi bacarığın olanda daha rahat qazanmaq olur” – gənc avtostopçu bildirir. Məsələn, o, gitarada ifa etmək bacarığı sayəsində Qazaxıstanda 3 günə nə az-nə çox 320 dollar qazanıb:

“Gürcüstanda bir yaşlı kişiylə söhbət edəndə gitaradan söhbət düşdü, mənə dedi ki, gözlə, gəlirəm. Bir azdan əlində bir gitara ilə gəldi, mənə hədiyyə etmək istədiyini bildirdi. Deyəsən, vəfat etmiş oğlunun idi. Gitarada çalmağı o kişinin hədiyyəsi sayəsində, yollarda öyrəndim. “WiFi” olan yerlərdə internetdən gitara çalmaqla bağlı videolar yükləyirdim, sonra da yolboyu o videolara baxaraq məşq edirdim. Getdiyim yerlərdə də həmin gitarada çala-çala pul qazanırdım, günə 50, 60, 70 dollar qazandığım olurdu”.

Gənc avtostopçunun ən maraqlı səyahəti keçən il olub. Bir il müddətinə İran, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan ərazilərini gəzib. Ən maraqlı hadisələr də başına bu səfərdə gəlib dediyinə görə: “Osetiyadan keçib Moskvaya getmək istəyirdik. Sərhədi keçdik – mən və səfər yoldaşım. Qorxulu yer idi, gülərüz insan demək olar ki, yox idi. Normalda qatarlarda siqaret, içki qadağası ilə bağlı xəbərdarlıq işarəsi olur, orada isə silahla bağlı qadağa işarəsi vardı. Yolda bizi bir maşın götürdü, dedi, 30 kilometr apara bilər bizi. Biz razılaşdıq, gecəyarısı, ətrafda da heç kəs yox. Bir az gedəndən sonra dedi ki, istəsəniz, sizi bu gecə evimdə qonaq edərəm, səhər davam edərsiniz. Razılaşdıq, gedə-gedə kənd yoluna girdik, işıqlı ərazidən uzaqlaşırıq. Bir azdan anbar kimi bir yerə girdik, oradan bir nəfər də çağırdı. Bizi də qorxu sarıb, elə yerdi ki, qaça da bilmərik. İçəridə ağ “07” vardı, bizə dedi ki, artıq bu maşınla davam edəcəyik. Həmin çağırdığı adam da mindi maşına. Getdik-getdik axır çatdıq evə. Yer saldı, amma mən yata bilmirdim. Bir azdan gördüm otağın qapısı açıldı, özümü yuxuluğa vurmuşdum. Gəldi üstümüzə yorğan saldı – nə gözləyirdik, nə oldu”.

Amma qarşısına çıxan adamlar heç də həmişə xoş xatirələrlə yadında qalmayıb. Belə hadisələrdən birini Türkiyədə yaşadığını deyir Elmar:

“Türkiyədə Doğanköy adlı yaşayış məntəqəsi var. Tarixinə görə çox qədimdir, oradakı Miletos məbədini ziyarət etmək istəyirdim. Avtostopla gəldim, kəndin içində bir nəfər azərbaycanlı olduğumu biləndən sonra məni gəzdirəcəyini dedi. Maşınına mindim, 2 nəfər idilər. Axşama kimi gəzdik, sonra da evlərinə dəvət elədi. Razılaşdım, mənim üçün otağında yer saldılar. Çox yorğun idim deyə uzandım, bu da öz yatağındadır. Bir azdan gördüm ki, yavaş-yavaş mənə tərəf gəlir, az qalmış üstümə tullandı. Niyyəti başqa imiş. Qışqırıb ayağa qalxdım. Evdən çıxdım, qorxurdum ki, arxamca düşər, çünki maşını var idi. Ondan sonra bir müddət kimsə dostcasına da əlini çiynimə vuranda özümü pis hiss edirdim”.


Gəlmə olduğumu çox hiss etdirirdilər

Gənc avtostopçunun ən mənfi təəssüratla yadında qalan ölkə Rusiya olub. O deyir ki, qarşısına çıxan insanların çoxu ondan “haralısan” deyə soruşurmuş: “Avtostopçulardan adətən “hara gedirsən” deyə soruşurlar, Rusiyada isə 10 adamdan 8-i “haralısan” soruşurdu. Moskvada bir qızdan gitarasını istədim oxumaq üçün, əvvəl verdi. Amma deyəndə ki, türk mahnısı oxuyacam, getməli olduğunu söylədi. Gəlmə olduğumu çox hiss etdirirdilər”.

Elmarın sözlərinə görə, avtostopçu olmağın ən gözəl yanı insanlarla asan ünsiyyət qurmaq bacarığıdır. Bel çantası şərtdir, əksər insanların avtostopçunun ruqzaqını gördükdən sonra yardıma can atdığını deyir. Məsələn, o, bu bacarığı sayəsində səfərləri zamanı bir çox bahalı əyləncələrdən pulsuz istifadə edib: “Paraşüt, safari, rafting, ziplane, sualtı dalış (diving), bungy jumping kimi əyləncələrdən havayı istifadə etmişəm. İnsanlara yaxınlaşıb gəzgin olduğumu, pulum olmadığını, amma qarşılığında öz “İnstagram”, “Facebook” paylaşımlarında onların mərkəzlərini reklam edə biləcəyimi deyirdim. Bəziləri razı olmurdu, amma heç cümləmi tamamlamağıma imkan verməyib dəvət edənlər də var idi. Bir dəfə Ölü dənizdə paraşütə görə pul istədilər – 420 lira. Bu pulu necə əldə edə bilərəm deyə düşündüm. İnternetdə Emre Durmuş adlı oğlan var, çubuqlarla köpük şou edir. Mən də bundan edəcəm dedim. Gedib Cola aldım, kafedən qabyuyan şampun istədim. Bir az da şəkər tozu qatıb qarışdırdım. Çubuqlara da əski bağladım ki, köpük çıxardım. Amma alınmırdı, axırda bir pilot gəlib dedi ki, bu mücadilənə görə səninlə pulsuz tullanacağıq. Bundan qorxmamaq lazımdır, bir də bloq yazmaqla, şəkillər çəkib paylaşmaqla da pul qazanmaq, başını dolandırmaq mümkündür. İndiyədək oteldə işləmişəm, barmenlik eləmişəm, yadımdadır ki, Batumidə yemək qarşılığında qabları yumuşdum”.

O, sonuncu avtostopunu isə Azərbaycanda edib. Fransadan gələn qonaqlarını İsmayıllıya gəzintiyə aparıb. Elmar deyir ki, Azərbaycanda avtostop mədəniyyəti elə də populyar deyil, insanlar avtostopçu olduğunu deyəndə hələ də təəccüblə baxırlar. Amma əvvəlki illərlə müqayisədə irəliləyiş də olduğunu vurğulayır: “Bu, alternativ həyat tərzidir. Bakının özündə belə avtobusla getməklə avtostopla gəzmək arasında fərq var. Doğrudur, həmişə belə yaşamaq olmaz. Amma ən azı gənclərin bu zövqü yaşamalı olduqlarına inanıram. Halbuki 60 yaşlarında olan avtostopçulara da rast gəlmişəm”.

Elmar Camalov
Elmar Camalov
Elmar Camalov
Elmar Camalov
Elmar Camalov
Elmar Camalov
Ana səhifəXəbərlərAvtostopçu: Gitara çalmışam, oteldə işləmişəm, hətta yemək qarşılığında qabları yumuşam…