“Bu, vətəndaşlar üçün əlavə problemə çevriləcək”
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası“nı təsdiq edib.
Avto-icbari sığorta üzrə sığorta tariflərinin hesablanması qaydalarına edilən dəyişikliklər sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdiriləcək.
Yəni yaşı və sürücülük təcrübəsi az, yaxud da yaşı 65-dən yuxarı olanlar, həmçinin avtomobilinin mühərrik həcmi yüksək olanlar, Bakı və Sumqayıtda yaşayanlar, avtomobilinin yaşı 20-dən artıq olanlar daha çox sığorta haqları ödəyəcəklər.
Avtomobil sahibləri üçün illik sığorta haqları 50 – 470 manat civarında olacaq.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Meydan TV-yə deyir ki, yeni qayda ilə orta hesabla götürəndə əvvəlki qiymətlə müqayisədə 25-30 faiz civarında artım olacaq: “Yeni qaydalara görə sürücülük təcrübəsi çox, avtomobili yeni olanlar da belə hətta qəza riskləri olan ərazidən istifadə edərsə, ən yüksək əmsalla sığorta haqlarını ödəməli olacaq. Bu da, o deməkdir ki, sığorta haqlarının yüksəlməsi bütün kateqoriyaları əhatə edə bilər”.
“Əvvəl ölkəmizdə bonus-malus sistemi tətbiq edilirdi. Bonus-həvəsləndirici, malus – əksinə, yumşaq desək, etibarsız sürücünün sığorta haqqının qaldırılması ilə bağlı cəzalandırılmasıdır. Əvvəlki dövrlərdə biz bonus sisteminin işlədiyini görürdük, lakin malus sistemi işləmirdi. Mərkəzi Bank malus sistemi ilə bağlı qaydalara dəyişiklik edib”, – sığorta üzrə ekspert İlkin İbrahimov belə deyir.
Onun sözlərinə görə, bu, əlavə problemə çevriləcək: “Ümumilikdə götürəndə, burada hamının sığorta haqları qalxacaq, ona görə ki elə bir adam yoxdur ki, maşının yalnız bir etibarnaməsi olsun. Ona görə də 15-20 faizə qədər bütün avtomobillərdə sığorta haqlarının qalxması gözlənilir. Bu da vətəndaşlar üçün, təbii ki, əlavə problemə çevriləcək”.
İqtisadçı Toğrul Maşallı hesab edir ki, bir çox sahələrdə ödənişlərdə artım müşahidə edildiyi üçün sığorta sahəsi də istisna olmamalıdır: “Qiymət artımı var, bir çox qiymətlər bahalaşıb. Sığorta xidməti də ona cavab olaraq bahalaşmalıdır. Fiks, sabit ödənişlərdiə əlbəttə qiymətlər dəyişdirilməlidir. Bununla belə, müəyyən differensasiya tətbiq edilməlidir ki, ödənişlər fərqli olsun. Burada əsas məsələ vətəndaşların sığorta şirkətlərinə inamı ilə bağlıdır. Səbəb də məlumdur, Azərbaycanda sığorta bazarı çox kiçikdir”.
“Sığorta bazarındakı şirkətlər də bir çox hallarda birbaşa sığorta fəaliyyətindən çox qazanc əldə etmək imkanından məhrumdurlar. Məhz buna görə də çalışırlar ki, ödənişləri maksimal olaraq dayandırsınlar, ya da qənaət etsinlər. Çünki indi kifayət qədər vəsaitləri yoxdur. Bu baxımdan qiymət artımı onların effektivliyinin artırılmasına xidmət göstərəcək. Burada əsas məsələ qaydaların tətbiqi mexanizmidir. Hərəkətin tənzimlənməsi, yolların vəziyyəti, digər bu kimi məsələlələrə kompleks yanaşmaq lazımdır”, – deyə iqtisadçı bildirib.