Mənbə: Meydan Tv

Qatarla toqquşan avtobus sürücüsünün məhkəməsi prosesi keçirilib

Məqalə yeniləndi:  21 Aprel 2019

3 nəfərin ölümü, 30 nəfərin yaralanmasına səbəb olan 160 saylı marşrutun sürücüsü məhkəmə qarşısına çıxarılıb

Ötən il oktyabrın 1-də Binə qəsəbəsində 160 saylı marşrut xəttilə hərəkət edən sərnişin avtobusuyla qatar toqquşub. Həmin hadisə ilə bağlı cinayət işi üzrə aprelin 19-da məhkəmə istintaqı başlayıb. Biri azyaşlı olmaqla, üç nəfərin ölümü, 30-dan artıq adamın yaralanmasıyla nəticələnən bu qəzaya görə müttəhimlər kürsüsündə iki nəfər əyləşib – avtobusun sürücüsü Əlixan Şirəliyev və dispetçer Mübariz Fərəcov.

Prokuror ittiham aktını elan edərkən məlum olub ki, Ə.Şirəliyev dəmiryol keçidində şlaqbaum bağlı olduğu halda, hərəkəti davam etdirərək, yol-nəqliyyat hadisəsini törətməkdə, M.Fərəcov isə onu tibbi müayinədən keçirmədən avtobusu idarə etməsinə icazə verməkdə təqsirləndirilir. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) dispetçerə qarşı isə 265-1.3 (ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydasını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İttihamda həmçinin yazılıb ki, hadisə nəticəsində 160 saylı marşrut avtobusunun məxsus olduğu “Ayşən LTD” firmasına və Dövlət Dəmiryol İdarəsinə maddi ziyan dəyib. Dəmiryol İdarəsinin nümayəndəsi məhkəmədə təqsirləndirilən şəxslərə qarşı 53 min manatlıq mülki iddia qaldırıb.

İttihama münasibət bildirən sürücü özünü qismən təqsirli bildiyini deyib, amma zərərçəkənlərin ona qarşı pul tələbilə qaldırdığı mülki iddiaları qəbul etməyib. Dispetçer isə ümumiyyətlə təqsirli bilməyib.

Daha sonra məhkəmədə ifadə verən sürücü Ə.Şirəliyev bildirib ki, bir neçə ildir 160 saylı marşrut xətti üzrə avtobusu idarə edir: “Adətən biz səhər saat 5-ə qalmış, 5-də işə başlayırıq. Hadisə olan gün mənim iş günüm deyildim. Günortaya yaxın çölə çıxdım, Elşən adlı sürücü yoldaşım dedi ki, özünü yaxşı hiss eləmir. Xahiş elədi ki, onun yerinə 1-2 reys işə çıxdım. Avtobusu Binədə axırıncı dayanacaqdan götürəndə dispetçer Mübariz içkili olub-olmadığımı yoxladı. Heç bir problem olmadı. Adamları götürdüm. Dəmiryoluna çatanda şlaqbaum açıq idi. Avtobusda sərnişin o qədər çox idi ki, sağ tərəfimi tutmuşdular, qatarı görmədim. Avtobus qatara dəyəndə gördüm onu. Hadisə vaxtı öz qolum da sınmışdı. Buna baxmayaraq, gücüm çatan qədər adamlara kömək elədim, onların bir çoxunu avtobusdan düşürdüm. Yolun kənarda duranlar da yardım etdi. Ən axırıncı mən düşdüm”.

Prokuror xatırladıb ki, ekspertiza sürücünün həmin gün müəyyən preparatlar qəbul etməsi barədə rəy verib. Amma Ə.Şirəliyev bildirib ki, o, həmin gün heç bir dərman və ya başqa maddə qəbul etməyib.

Məhkəmədə məlum olub ki, sürücü Ə.Şirəliyev bundan əvvəl də yol-nəqliyyat hadisəsinə görə mənsuliyyətə cəlb edilib: “Düzdü, amma həmin vaxt qarşımda adamı öldürmüşdülər, mən də meyiti əzməmək üçün maşını kənara sürəndə oldu”.

Məhkəmə prosesi aprelin 30-da davam edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Aprel 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fnse09

Ən çox baxılan