Avtobus sürücüsü general oğlunun onu necə söyüb-döydüyünü danışır

“Nalayiq söyüş söydü, dedim ki, avtobusda ana-bacı var…”

Source:
Novruzəli Orucov
Novruzəli Orucov


“Nalayiq söyüş söydü, dedim ki, avtobusda ana-bacı var…”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun məhkəməsi davam edir. Bakı Apelyasiya Məhkəməsində aprelin 10-da keçirilən prosesdə R.Orucovun döydüyü, 85 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədov zərərçəkmiş qismində ifadə verin. O, general oğlunun söyüş söydüyünü, onu vurduğunu, nəticədə xəstəxanaya düşdüyünü təsdiqləyib.

Zərərçəkmiş sürücü hadisə haqqında danışarkən bildirib ki, general oğlu ilə aralarında mübahisə “Memar Əcəmi” metrostansiyasının yanındakı dairədə siqnal verməyə görə yaranıb:

“Niyə siqnal verdiyimi soruşdu, mən də ona yol nişanını göstərdim. Söyüş söydü, nalayiq ifadələr işlətdi. Dedim ki, avtobusda ana-bacı var. Nömrəmi istədi, vermədim. Başladı maşını mənim idarə etdiyim avtobusun arxasınca sürməyə. Axırıncı dayanacağa çatdım, orada dispetçerə olanları danışdım. Rüstəm mənə yaxınlaşdı. Əsgər müəllim (dispetçer) ondan məsələni soruşanda, “ağsaqqal, bir kəlmə söz deyirəm” cavabını verdi. Gəlib məni kənara çəkdi və qəfildən yumruqla vurdu. Yerə yıxıldım…”

S.Səmədov deyib ki, R.Orucov onunla mübahisə edəndə də, onu döyəndə də tək olub.

Hakimlər bildirib ki, zərərçəkmişin istintaqdakı ifadəsi ilə məhkəmədə söylədikləri arasında ziddiyyət var. O, istintaqdakı ifadəsində R.Orucovun dostları Kənan Vəliyev və Pərviz Abbasovun da hadisə vaxtı onunla birlikdə olduğunu, həmin şəxslərin də onu təhqir etdiyini bildirib.

Zərərçəkmiş ziddiyyəti izah edərkən bildirib ki, hadisədən sonra xəstəxanaya yerləşdirilib. İfadəni də xəstəxanadan yeni çıxdığı vaxt verib: “Halım çox pis idi, nə dediyimi bilmirdim”.

Məhkəmədə dindirmə zamanı R.Orucov bildirib ki, mübahisə sürücünün özünün söyüş söyməsin ilə başlayıb. General oğlu ötən dəfə məhkəmədə ifadə verəndə də belə

demişdi:

“Mənə var-yox söyüşü söydü”.

Sürücü R.Orucovun dediklərini təkzib edib, bildirib ki, özü söyüş söyməyib.

Məhkəmədə dispetçer Əsgər Qasımov da şahid qismində dindirilib. Onun da istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyət yaranıb. O da istintaqda deyib ki, hadisə vaxtı R.Orucovun yanında dostları da olub.

Məhkəmədə isə bildirib ki, R.Orucov tək olub:

“Sənan axırıncı dayanacağa çatanda mənə mübahisəni danışdı. Sonra Rüstəm gələndə qarşısına mən çıxdım. Dedi ki, “ağsaqqal, bir kəlmə söz deyib gedirəm”. Sənanı kənara çəkdi, səs gəldi, gördüm ki, onu vurdu, Sənan yıxıldı, ürəyi getdi”.

Şahid bildirib ki, müstəntiqin yazdıqlarını imzalayıb, orada nə yazıldığını bilməyib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, hadisə baş verərkən R.Orucov BMW markalı, “10-OG-300” dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edib. Çünki 2014-cü ildə piyadanın ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirli bilinib, həm 4 il azadlıqdan, həm də sürücülük hüququndan məhrum edilib. 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Son hadisə onun şərti azadlıqda olduğu dövrdə baş verib.

R.Orucov və dostları Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə təqsirli biliniblər. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. Onlar özlərini təqsirli bilməyib və üçü də apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə növbəti proses aprelin 19-na təyin edilib.

General-mayor Novruzəli Orucov son hadisədən sonra vəzifəsindən azad edilib.

Ana səhifəXəbərlərAvtobus sürücüsü general oğlunun onu necə söyüb-döydüyünü danışır