Oxşar hadisə Azərbaycanda yaşandı, həkimlə bağlı hansı qərar verildiyi açıqlanmadı
Avstriyada cərrah səhvən 82 yaşlı xəstənin sağlam ayağını kəsib.
43 yaşlı cərrah əməliyyatı səhv etdiyini iki gün sonra başa düşüb. Hadisə bu ilin əvvəlində olub. Xəstə əməliyyatdan bir həftə sonra vəfat edib.
Mərhumun həyat yoldaşının məhkəməyə müraciətindən sonra cərrah 2700 avro cərimə edilib. Bundan başqa o, pasiyentin dul arvadına 5000 avro təzminat da ödəməlidir.
Oxşar hadisə 2016-cı iyunun 24-də Azərbaycanda baş vermişdi.
Uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədovanın sol ayağı əvəzinə sağ ayağı amputasiya edilmişdi. Hadisə Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində baş vermişdi. Həkim-cərrah Valeh Kərimov pasiyentin sol ayağı əvəzinə sağ ayağı amputasiya edilmişdi. Sonradan onun sol ayağı da kəsilmişdi.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov qadının hər iki ayağında amputasiyaya ehtiyac olduğunu əsas gətirərək, həkimə bəraət qazandırmışdı.
Daha sonra isə Səhiyyə Nazirliyinin kollegiya iclasının qərarıyla məsələ cərrah-həkimlə mərkəzinin direktoru Azər Şəmsəddinskinin işdən çıxarılmasıyla yekunlaşmışdı. Rəsmi olaraq həkim Valeh Kərimov haqqında hansı qərar verildiyi ictimaiyyətə açıqlanmadı.
Hər iki ayağı kəsilən Tərlan Məmmədova isə əməliyyatdan bir ay sonra iyulun 31-də vəfat etdi.