Etirazlar Asiyaya qaz daşımalarının məhdudlaşdırılmasına səbəb ola bilər
Avstraliyadakı “Chevron Corp”un əsas sahələrində çalışan (əsasən, mayeləşdirilmiş təbii qaz) işçilər sentyabrın 8-dən qismən tətilə başlayıb.
Bu da qaz qiymətlərində artıma səbəb olub.
“Bloomberg” yazır ki, ötənilki enerji böhranından sonra qaz bazarı onsuz da zəifləyib.
Bu xəbərdən sonra Avropada etalon qaz fyuçersləri 11 faizədək yüksəlib.
Qismən tətillər sentyabrın 8-də gecə saat 1-də başlayıb.
İşçilər sentyabrın 14-dən etibarən iki həftə ərzində işləri tamamilə dayandıracaqlarını bildiriblər.
“Credit Suisse Group AG”nin enerji analitiki Saul Kavonic bildirib ki, tətilin ilk günü şirkətə xərclər baxımından zərər vurub, lakin hələlik bu hal istehsala əhəmiyyətli təsir göstərməyib.
Niderland qazı Avropanın etalonudur.
Bu gün səhər saat 10-da Amsterdamda qazın qiyməti meqavat-saat üçün 5,8 faiz artaraq 34,64 avroya satılıb.
Avropa Avstraliyadan demək olar ki, heç vaxt yanacaq almır.
Bəs bahalaşmaya səbəb nədir?
Tətillər və bu ölkədə baş verənlər Asiyaya qaz daşımalarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Bu da alternativ yüklər üçün rəqabəti artıracaq.
Son sıçrayışla birgə Avropanın qaz qiymətləri keçənilki rekordların yalnız bir hissəsidir.
Bununla belə, onlar hələ də böhrandan əvvəlki səviyyələrlə müqayisədə yüksəkdir və əksər bazar oyunçuları yüksək dəyişkənliyin bir müddət qalacağını gözləyirlər.
Hazırda Avropanın qaz anbarlarının təxminən 93 faiz dolu olduğu deyilir. Lakin ehtiyatlar qış istehlakını tam şəkildə ödəmək üçün nəzərdə tutulmayıb.
Region 2022-ci ildə Rusiyadan gələn boru kəməri qazının böyük hissəsini itirdikdən sonra sabit LNG axınlarından çox asılı qalıb.
Həm də Avstraliyada fəaliyyət göstərən “Chevron Corp” Amerikanın əsasən neft və qaz sahəsində ixtisaslaşmış çoxmillətli enerji korporasiyasıdır. Hazırda 180-dən çox ölkədə fəaliyyət göstərir. Odur ki, bu müəssisədə baş vermiş hər hansı proses ümumi qaz bazarına təsir edə bilir.
İşçilər və şirkətlər arasındakı mübahisə avqustun əvvəlindən bəri qlobal bazarı sarsıdıb. Baxmayaraq ki, hazırda Avropada qazla təchizat normallaşıb.
Mülayim tələbat və Avropadakı ehtiyatlar demək olar ki, hədəflərdən xeyli irəlidədir. Odur ki, treyderlər mübahisədən ciddi təsir gözləmirlər.
Bununla belə, uzunmüddətli fasilələr riski keçən ilki enerji böhranından hələ də tam sağalmamış qeyri-sabit bazarda təzyiqi davam etdirəcək.