Bir neçə gün əvvəl Meydan TV Avropa oyunları ilə bağlı Bakıda “Bakıya gələn turistlər Azərbaycan haqqında nəyi bilməlidirlər?” sorğusu keçirmişdi. Sorğuda verilən cavabları qısa şərhlərlə təhlil etməyə çalışacam. Çünki verilən cavablar Azərbaycanın necə dəhşətli vəziyyətdə olduğunun bariz nümunəsidir. Bu yazını turistlər oxumayacaq, ona görə məni vətən xaini çıxarmağa çalışmayın. Gələn turistlər həqiqətən bunları bilməlidirlərmi və ya bilsələr, heç gələrlərmi?
Yaşlı ağsaqqal: Gələn turistlər yalnız Azərbaycanın tək dərdi Qarabağ problemini bilməlidirlər.
Niyə axı, ay dayı? Bax niyə azərbaycanlılar faciələrini xaricdə və ya xaricilərə reklam etməkdən kayf alırlar. Ciddi kayf alırlar, şahidi olmuşam xaricdə. Işgəncə ilə öldürülmüş uşaq şəklini böyük posterlərə çıxarıb, qoyurlar Avropada böyük bir meydana və başlayırlar ki, bəs bizi belə qırıblar, elə bil ona qulaq asan alman gəlib, sənin qırılmağını rəsmi tanıyacaq. Ermənilər də qoşulub bizə, iki xalqın nümayəndəsi “dünyada kim daha çox əzilib?” yarışına giriblər. Hökumətin pul yemək, hakimiyyətdə qalmaq kartıdır Qarabağ. Hara əldən buraxır?! Heç avropalı bilsə ki, Azərbaycan kimləsə müharibə şəraitindədi, ildə ən azı 50 əsgərimiz düşmən gülləsindən şəhid olur, gələrmi o ölkəyə?
Bir neçə nəfərin cavabı belə oldu ki, “ölkəmizdə gedən quruculuq işlərindən xəbərdar olmalıdırlar.
”Həqiqətən, yazığım gəlir bizim millətə, 2015-ci ildə manqurtlaşdırılmağa çalışılan xalq olaraq, tarixə düşəciyik, deyəsən. Azərbaycanda ümumiyyətlə hər hansı bir quruculuq işindən söhbət gedə bilməz. Dənizkənarı boyu tikilmiş, hakim ailəyə məxsus 5-10 dənə şüşəli binanı bir bizim millətə quruculuq kimi sırıya bilərlər yəqin ki. Tarixi məhv ediblər, yaşıllıq olan parkları məhv ediblər, ağacları kəsib, yerinə binalar tikiblər…
Avropalılar Azərbaycanda yalnız dağıdıcılıq işlərindən xəbərdar ola bilərlər. Avropalı turist uzanmağa yaşıllıq tapa bilməyəcəyi Bakıya niyə gəlsin ki? Bir neçə ay əvvəl Azərbaycanda “İtlərin yandırılması” hadisəsini hamı eşitdi yəqin ki… Elə dünyada da çox adam eşitdi, etirazlar başladı, dünyanın dörd bir yanından şəkillər çəkib, Avropa oyunlarını boykota çağırdılar. Çox utanırdım o ərəfədə.
Romada qaldığım evdə 4 italyanlı ilə yaşayıram. Ev yoldaşımın iti var. Cavan və sosyal adamlar olduğuna görə, hər gün utanc hissi keçirirdim ki, o sujeti görəcəklər. Və bildilər hadisəni. Yaxşı ki, başa düşdülər – bunu normal, ağlı başında Azərbaycan vətəndaşı eləməz, amma Azərbaycan hökuməti edib, etdirib. Demək olar ki, hər evində it olan hansı avropalı Azərbaycana gələr?!
Sorğunun pik nöqtəsi bunlar deyildi, yox, pik nöqtə bir xalanın “xaricilər mentalitetimizi öyrənməlidilər” cavabı idi.
Iyrənc. Ay xala, başına dönüm, xaricilər neynəyir sənin sürü psixologiyasının iyrənc vəziyyətə gəlmiş idarəetmə halını öyrənib? Öyrənsə ki, sənin ölkəndə avtobusda oğlan başını sevdiyinin çiyninə qoyub deyə, vəhşi kimi başqası tərəfindən döyülür, ancaq tüpürə bilər o mentalitetə, ölkəyə. Harda gəldi öpüşən avropalıya bir qaqaş yaxınlaşıb deyəndə ki, “brat, bir dəqiqə səni olar, bəs camaatın anası-bacısı…” aləm dəyəcək bir-birinə. Dünya mediasına manşet olarıq ki, “Azərbaycanda öpüşmək azadlığı da yoxdur, öpüşəndə onlar mütləq hökumətdən icazə almalıdırlar” Bəli, biz həqiqətən öpüşəndə, hökumətdən icazə almalıyıq, yəqin ki, çoxunuzun başına gəlib, öpüşməyi görəndə 5 manat alan polislər. 5 manatı ver, öpüş!
Bir turist, mətbuat azadlığının olmadığı ölkəyə (turistin başına iş gəlsə və Azərbaycan hökuməti istəməsə, hadisə mediada düzgün canlandırılmayacaq), hava yollarının monopoliya olduğu ölkəyə (Azərbaycana avropadan ən ucuz gediş-qayıdış bileti 300 avroya tapa bilərlər, Avropa daxilində ölkələrarası 20-30 avroya səyahət edən ağlı başında avropalı biletə o qədər pulu verməz), dənizinə kanalizasiyaların axıdıldığı ölkəyə, ağacların qırıldığı, itlərin yandırıldığı ölkəyə (bu siyahını nə qədər desəniz, uzatmaq olar) niyə gəlsinlər axı, bax niyə?!
Saf olmayın, Azərbaycana turist-filan gəlməyəcək, Eurovision ərəfəsində olduğu kimi, fiasko olacaq, büdcədən maliyyələşən təşkilat işçiləri də hazır olsun, hərəsi bir ölkəyə azarkeşlik edəcəklər, məcburi könüllülər də hazır olsun, onlar da Ermənistan yığmasına xidmət edəcəklər. Nəticədə olan yenə xalqımıza olur, həm kloun yerinə qoyuluruq, həm büdcəmiz talan olur, həm də olan-qalan abırımız əldən gedir.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.