Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

Hüquq müdafiəçiləri yenidən NİDA fəallarının, İlqar Məmmədovun, İntiqam Əliyevin, Hilal Məmmədovun və digər siyasi məhbusların azad edilməsi məsələsini qaldırıblar

Source:


Hüquq müdafiəçiləri yenidən NİDA fəallarının, İlqar Məmmədovun, İntiqam Əliyevin, Hilal Məmmədovun və digər siyasi məhbusların azad edilməsi məsələsini qaldırıblar

Avropa Şurasının baş katibi Torborn Yaqland Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupun fəaliyyətini diqqətlə izləyir. Bu barədə aprelin 9-da işçi qrupun üzvləri ilə görüşdə Avropa Şurasının siyasi məsələlər üzrə direktorluğunun rəhbəri Aleksandr Gessel bildirib.

Rəsmi məlumata əsasən, Gessel işçi qrupun müzakirə etdiyi məsələlərin “xüsusi aktuallığını” qeyd edib və AŞ-ın işçi qrupa hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Öz növbəsində, işçi qrupun həmsədri, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov komissiya ilə əvf məsələləri üzrə qarşılıqlı fəaliyyətdən bəhs edib. Bu əməkdaşlıq nəticəsində yarım ildə Azərbaycan prezidenti 15 nəfəri əvf edib, deyə o bildirib.

İşçi qrupun üzvü, Azərbaycan Milli Helsinki Komitəsinin sədri Arzu Abdullayeva “Turan İA-a bildirib ki, görüşdə siyasi məhbusların azad edilməsi məsələləri diqqət mərkəzində olub. Hüquq müdafiəçiləri yenidən NİDA fəallarının, İlqar Məmmədovun, İntiqam Əliyevin, Hilal Məmmədovun və digər siyasi məhbusların azad edilməsi məsələsini qaldırıblar.

Abdullayevanın sözlərinə görə, hakimiyyət nümayəndələri bildiriblər ki, mayın sonlarında yeni əvf fərmanı verilə bilər.

Hüquq müdafiəçiləri həmçinin işçi qrupun iclasının reqlamenti və iclasların müntəzəmliyi məsələsini qaldırıblar.

İşçi qrupda 30 siyasi məhbusun işi ilə yanaşı, müxtəlif islamçı qrupların, ümumilikdə 90 nəfərə yaxın məhbusun işləri müzakirə olunur.


* Azərbaycanda hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə insan hüquqları üzrə birgə işçi qrup AŞ baş katibi Yaqlandın təşəbbüsü ilə 2014-cü ilin oktyabrında Azərbaycanda siyasi məhbuslar probleminin həllinə yardım məqsədilə yaradılıb.

Ana səhifəXəbərlərAvropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər