Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədova azadlıq istəyir

”İlqar Məmmədovla bağlı qərar vaxt itirilmədən icra edilməlidir”

Source:


”İlqar Məmmədovla bağlı qərar vaxt itirilmədən icra edilməlidir”

Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə tutulmasından üzüntü duyduğunu bildirib.

Bu barədə Komitənin İlqar Məmmədovla bağlı növbəti qərarında yazılıb.

Azadlıq Radiosu yazır ki, Nazirlər Komitəsi ötən həftəsonu toplaşıb. Müzakirələrin yekunu ilə bağlı qərar iyunun 12-si Avropa Şurasının saytında açıqlanıb.

1288/H46-2 saylı qərarda vurğulanır ki, son aylar Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovun azadlığa buraxılması ilə bağlı qərarının icrasına müsbət təsir edə biləcək proseslər baş verir.

Komitə Azərbaycan hökumətinin təqdim etdiyi bilgilərə söykənərək vurğulayır ki, prezident bu il fevralın 10-da sərəncam verib. Komitə Azərbaycan parlamentini həmin sərəncamın icrası ilə bağlı səylərini davam etdirməyə dəvət edib.

Söhbət “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamdan gedir.

Nazirlər Komitəsi əlaqəli qurumları vaxt itirmədən İ.Məmmədovla bağlı qərarın icra edilməsindən ötrü bütün mümkün vasitələrdən istifadə etməyə səsləyib.

Nazirlər Komitəsi əvvəlki qərarlarını, xüsusilə siyasətçinin dərhal azadlığa buraxılması ilə bağlı çağırışlarını bir daha Azərbaycan hökumətinə xatırladıb.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi İ.Məmmədovla bağlı bundan əvvəl 2016-cı il dekabrın 10-da qərar qəbul etmişdi.

Həmin qərarda da oxşar ifadələrdən istifadə edilir, Azərbaycan hökuməti qurumla dolğun dialoqa dəvət olunurdu. AŞ NK o zaman İ.Məmmədovla bağlı qərarın icrasından ötrü bütün vasitələrdən, o cümlədən Avropa Konvensiyasının 46.4-cü maddəsindən istifadə ediləcəyini bildirmişdi.

Avropa Konvensiyasının 46.4-cü maddəsi Avropa Şurasına üzv olan dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib yetirməməsi barədə Məhkəməyə sorğu göndərilməsini nəzərdə tutur.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

Ana səhifəXəbərlərAvropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədova azadlıq istəyir