Avropa Şurasının Nazirlər Komitəsi bir qrup azərbaycanlı fəala bəraət verilməsini istəyir

Foto: Meydan TV

Komitə bu ilin iyununda bu məsələnin müzakirəsinə qayıdacaq

Avropa Şurası Azərbaycan hakimiyyətini İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Qiyas İbrahimov, Bayram Məmmədov (hazırda həyatda yoxdur), Arif və Leyla Yunusun şikayətləri ilə bağlı qərarları tam icra etməyə çağırıb.

Avropa Şurası vətəndaş cəmiyyəti nümayəndələrinə tam bəraət verilməsini istəyir.

Avropa Şurasının Nazirlər Komitəsi 12-24 mart tarixlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət çərçivəsində bir neçə qərar qəbul edib.
Bu tələb də Azərbaycanla bağlı qərarlar sırasındadır.

Vətəndaş cəmiyyətinin nümayəndələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarında xatırladılır ki, ərizəçilər hakimiyyəti tənqid etdiklərinə görə təqiblərə məruz qalıb. Hər birinin barəsində Avropa Konvensiyasının 18-ci maddəsi (siyasi motivli təqib) pozulub.

Nazirlər Komitəsi ərizəçilərin məhkəmə qeydlərinin silinməsi və cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılması, onların vətəndaş hüquqlarının tamamilə bərpa olunması tələbini təsdiq edib.

Komitə bir daha hakimiyyəti ərizəçilər barəsində ittiham hökmlərinin dərhal ləğv edilməsini təmin etmək üçün bütün tədbirləri görməyə çağırıb.

Nazirlər Komitəsinin sədrinə Azərbaycan hakimiyyətinə məktub göndərmək və AİHM-nin qeyd edilən işlər üzrə qərarlarının tam və səmərəli icra olunması üçün tezliklə həll tapmağa çağırmaq tapşırılıb.

Nazirlər Komitəsi 2024-cü ilin iyununda bu məsələnin müzakirəsinə qayıdacaq.
Nazirlər Komitəsi “Qafqaz Məmmədovun qrupu Azərbaycana qarşı” işi üzrə də AİHM-nin bir qrup fəalın inzibati həbsindən şikayətinə dair qərarlarına aid bənzər qərar qəbul edib.

Nazirlər Komitəsi hakimiyyətə inzibati həbslərin qanuniliyinin və inzibati təhqiqatların ədalətliliyinin təmin edilməsi üçün tədbirlər görmək çağırışını təkrar ediblər.

Daha bir qərar Macarıstanda erməni zabitin azərbaycanlı hərbçi tərəfindən öldürülməsi ilə bağlı “Makuçyan və Minasyan Azərbaycana qarşı” işinə aiddir.

Ana səhifəSiyasətAvropa Şurasının Nazirlər Komitəsi bir qrup azərbaycanlı fəala bəraət verilməsini istəyir