Komissar vəziyyəti yaxından izləməyə davam edəcəyini bildirib
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti Azərbaycan hökumətini fəaliyyətinə görə həbs edilən bütün jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırıb.
O, vətəndaş cəmiyyəti fəalı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı cinayət işini narahatlıqla izlədiyini deyib:
“Hazırda Azərbaycanda onlarla insan haqları müdafiəçisi, jurnalist və vətəndaş cəmiyyəti fəalı ya öz qanuni fəaliyyətlərinə, ya da fərqli və ya tənqidi fikirlərinə görə həbsdədir. Mən Azərbaycan hakimiyyətini Anar Məmmədlini və öz fəaliyyətlərinə görə həbsdə saxlanılan bütün digər insan haqları müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azad etməyə, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarını və bununla bağlı bütün məhdudiyyətləri, o cümlədən xaricə səyahət qadağasını aradan qaldırmağa çağırıram”.
Komissar xatırladıb ki, 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə Anar Məmmədlinin eyni ittihamlarla həbsini insan hüquqlarının pozulması kimi qiymətləndirmişdi.
Məhkəmə həmin qərarda bildirmişdi ki, Məmmədliyə qarşı heç bir əsaslı şübhə olmayıb və onun həbsi sadəcə susdurmaq və cəzalandırmaq məqsədi daşıyıb.
O, bildirib ki, Azərbaycan hökuməti ifadə azadlığı, toplaşma və birləşmə azadlığı ilə bağlı qanunları Avropa Şurasının standartlarına uyğunlaşdırmalıdır. Komissar hüquq müdafiəçiləri və müstəqil media üçün təhlükəsiz və əlverişli mühitin yaradılmasının vacibliyini vurğulayıb və vəziyyəti yaxından izləməyə davam edəcəyini bildirib.
Son iki il ərzində Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 357 siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.