”İlham Əliyevi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası öhdəliklərinin icrasını təmin etməyə çağırıram”
Avropa Şurasının baş katibi Torbyorn Yaqland ReAL sədri İlqar Məmmədovun həbsdə qalmasıyla bağlı məhkəmə qərarını “dərin narahatlıq”la qarşılayıb.
Baş katib aprelin 29-da bu barədə yaydığı bəyanatında qeyd edib.
Bəyanatda deyilir:
”
Azərbaycan məhkəmələri bir daha Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrası öhdəliyinə sayğısızlıq göstərdi. Strasburq məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədov 3 ildir həbsdədir. Məhkəmə ona qarşı cinayət təqibinin siyasi motivli olması və hökuməti tənqid etdiyinə görə cəzalandırılması barədə qərar çıxarmışdı. Qüsurlu hökmlə insanı azadlığından məhrum etmək Avropada qurduğumuz insan haqları sisteminə hücumdur”
“Konstitusiyanın təminatçısı olan Prezident İlham Əliyevi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası öhdəliklərinin icrasını təmin etməyə çağırıram”.
Bir müddət əvvəl Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın Avropa Konvensiyasını necə icra etməsi üzrə araşdırma başlatmışdı. Səbəb də elə Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra etməməsi göstərilirdi.
azadliq.info