“Avropa Məhkəməsinə göndərdiyiniz ikinci şikayət də nəzarətə götürülüb”
Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova məktub göndərib.
Bu barədə “Turan”-a Əli İnsanovun vəkili Toğrul Babayev danışıb.
Bildirib ki, T.Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin daim Avropa Şurasının diqqətində olduğunu yazıb:
“Bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası departamenti məhkəmənin Əli İnsanovla bağlı qərarın icrası üçün ardıcıl iş aparır. Bu barədə Avropa Şurası baş katibini məlumatlandırır. Baş katib Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də nəzarətə götürdüyünü bildirib”.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə göndərilib. Ona 11 il həbs verilib.
2016-cı ilin oktyabrında, həbs müddətinin bitməsinə 56 gün qalmış keçmiş nazirə narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə ittiham irəli sürülüb. 2016-ci ilin aprelində Bakının Qaradağ Rayon Məhkəməsi onu 7 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
14 mart 2013-cü ildə Avropa Məhkəməsi Əli İnsanovun birinci iş üzrə ədalətsiz şəkildə cəzalandırılması barədə qərar qəbul edib. Təkrar istintaq zamanı ittiham qüvvədə saxlanılıb.