Hakimiyyət seçkiləri idarə olunan rejimdə keçirə və parlamentin qapılarını kiçik konstruktiv müxalifətçilər qrupu üçün bir qədər aralaya bilər
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun və Azərbaycan Xarici İşlər Nazirliyinin ölkənin Avropa Şurasından və AŞ Parlament Assambleyasından çıxması ehtimalı haqqında iyunun 25-də səslənən bəyanatları ölkə rəhbərliyində hakimiyyət istehkamlarının qərbin təzyiqindən müdafiəsi üzrə vahid və düşünülmüş mövqe işlənib hazırlandığını göstərir.
Faktiki olaraq, 2000-ci ilin martında Azərbaycan rəhbərliyinin AŞ qarşısında böyük öhdəliklər paketini imzaladığı andan etibarən bütün bu müddət ərzində hakim olan Yeni Azərbaycan Partiyası ilk dəfə təşkilatın üzvlüyündən çıxmaq haqqında danışdı ki, bu da Azərbaycan və Qərb arasında hazırki münasibətlərin həddindən artıq gərgin olduğuna dəlalət edir. Bu kontekstdə Qərb anlayışından istifadə tamamilə yerinə düşür, belə ki, Avropa Şurası ilə yanaşı, ABŞ Dövlət Departamenti də azadlıqların və insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəlikləri yerinə yetirmək tələbi ilə çıxış edib.
Ötən il Azərbaycanda fəalların həbsi, müstəqil QHT-lərin bağlanması, Qərb donorlarının qovulması kimi vətəndaş cəmiyyətinə misli görünməmiş hücumlardan sonra ABŞ və Avropadakı müttəfiqləri metodik və ardıcıl şəkildə Azərbaycandakı rejimə təzyiqi gücləndirir ki, bu da Avropa ölkələri liderlərinin Bakıda Birinci Avropa Oyunlarını faktiki olaraq boykot etməsində özünü açıq-aşkar göstərib.
Monitorinq Komitəsinin məruzəçilərinin “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı üzrə iyunun 23-də qəbul edilmiş qətnamədə Azərbaycan hakimiyyətinə siyasi məhbusları azad etmək və ölkədə repressiyalara son qoymaq, mürtəce qanunvericiliyi ləğv etmək, vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq və söz azadlığını təmin etmək barədə dəqiq tələblər yer alır. ABŞ Dövlət Departamenti iyunun 25-də dərc edilmiş dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında ənənəvi illik hesabatda avropalıların məruzəsini tamamilə təsdiq edib, bununla da Bakıdakı rejimə qarşı ortaq yanaşma nümayiş etdirib.
Məmmədovun və XİN-in bəyanatlarından görünür ki, rəsmi Bakı demokratiyanın inkişafı məsələsində iki mövzudan – qaçqınlardan və ölkənin müsəlman ölkəsi olmasından istifadə edir. “Avropa Şurası ona görə anti-Azərbaycan sənədi qəbul edib ki, dinamik şəkildə inkişaf edən müsəlman ölkəsi Avropanın xoşuna gəlmir. Bu, Avropada geniş vüsət alan islamofobiyanın açıq-aşkar təzahürüdür”, XİN belə hesab edir. Məmmədov Qarabağ məsələsində ikili standartları xatırladır. Bakı həmişə qaçqınlara diqqət çəkərək, Qərbdən əvvəlcə Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından sürgün edilmiş yüz minlərlə insanın hüquqlarını təmin etməyi, daha sonra 9 mln. Azərbaycan vətəndaşının vətəndaş və siyasi hüquqları barədə iradlarını irəli sürməyi tələb edirdi. Beləliklə, bu məntiqdən belə çıxır ki, yüz minlərlə məcburi köçkünün hüquqları bərpa edilənə qədər ölkə əhalisi azadlıqlarından və vətəndaş hüquqlarından məhrum edilməlidir. Lakin belə arqumentlər irəli sürməklə, Azərbaycandakı rejim dolayısıyla seçki hüququ, vətəndaş və siyasi hüquqların müdafiəsi, söz və ifadə azadlığı və s. sahələrdə çox sayda hüquqpozmalar olduğunu etiraf edir.
Azərbaycan rəsmi olaraq Avropa Şurasına daxil olmaq üçün 13 iyul 1996-cı ildə ərizə verib, imzalanmış öhdəlikləri daim pozmaqla və tənqidə məhəl qoymamaqla, beş illik təşkilata daxil olma və iyirmi illik üzvlük yolu keçib. Faktdır ki, AŞ-a daxil olduğu müddət ərzində Azərbaycanda siyasi partiya sistemi bir hakim və bir neçə kiçik parlament partiyalarına qədər devalvasiya edib, müxalifət ölkənin siyasi həyatından kənara atılıb, müstəqil KİV və QHT-lər məhv edilib, fərqli düşünənlərin həbsi adi hala çevrilib, məhkəmələr ali administrasiya aparatına tabedirlər, korrupsiya misli görünməmiş miqyaslara çatıb.
Bu, təsadüfi deyil, belə ki, Azərbaycan və Aİ-nin münasibətləri öhdəliklər fundamentində deyil, ani siyasi konyunktura üzərində qurulmuşdu.
2000-ci il martın sonlarında AŞ qarşısında böyük öhdəliklər paketinin (çox sayda beynəlxalq konvensiyaların ratifikasiyası, hakimiyyət institutlarında radikal islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması, demokratik parlament seçkilərinin keçirilməsi, söz azadlığı və insan hüquqlarına riayət edilməsi, siyasi məhbusların azad edilməsi və s.) imzalanmasından dərhal sonra prezident Heydər Əliyev komandası götürdüyü öhdəliklərin yerinə yetirilməsini sabotaj etməyə çalışırdı ki, növbəti hadisələrin gedişatı bunu təsdiq edirdi.
28 iyun 2000-ci ildə AŞPA öz sessiyasında Azərbaycanın qəbul edilməsinin lehinə səs verir, yekun təsdiq məsələsi isə sentyabrın 6-na təxirə salınır. Bununla da Heydər Əliyevə əlverişli şans verilir: real olaraq öhdəlikləri, ilk növbədə, parlament seçkilərinin liberallaşdırılması üzrə öhdəlikləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirmək.
Amma iyunun 28-dən sentyabrın 6-na qədər hadisələrin inkişafı bunun əksinə dəlalət edirdi. Azərbaycanın hakimiyyət qurumları sanki qəsdən özünü gözdən salmaq üçün əlindən gələni edirdi:
– seçkilərin hüquqi bazasının liberallaşdırılması üzrə tövsiyələrə məhəl qoymama,
– KİV-ə qarşı repressiyaların güclənməsi (jurnalistlər və qəzetlər üzərində məhkəmə prosesləri və s.),
– müxalif partiyalara təbliğat və repressiyalarla basqı,
– AŞ qarşısında digər öhdəliklərin unudulması.
Elə həmin vaxt ABŞ və AŞ-ın rəsmi nümayəndələri, habelə beynəlxalq təşkilatlar antidemokratik aksiyaları pislədilər və Azərbaycan hakimiyyətini üzərinə götürdüyü öhdəlikləri yernə yetirməyə çağırıb. Amma rejim bu təzyiqi Qərb tərəfindən ikili standartların tətbiqi kimi anladı: rəsmi KİV-də açıq-aşkar Azərbaycanın daxili işlərinə qarışmağın yolverilməz olduğundan, ölkənin xüsusi yolundan, Qərb demokratiyasının sərfiyyatından və s. danışılıb. Ümumiyyətlə, Əliyev komandası bütün təqsiri Qərbin üzərinə qoymağa çalışıb. Bu zaman əvvəlki kimi həm Qərbə qarşı (demokratiyaya sadiqliyə and içib amansız avtoritarizmi genişlətməklə), həm də öz xalqına qarşı “ikili standartlar” siyasətini görmək istəmirdi.
Sentyabrın 6-da AŞ-ın qəbul etdiyi qərar çoxu üçün gözlənilən idi. Ola bilər ki, o, Heydər Əliyev üçün də sürpriz olmayıb. Bu qərar, mahiyyətcə, məsələni Azərbaycanın xarakteri ilə, xüsusən də seçkilərin nəticələri ilə qəbul edilməsi ilə əlaqələndirib. Qərbin (ABŞ və Avropa Şurası) strateji maraqları Azərbaycanda hakimiyyətin ardıcıllıq yolu ilə keçməsi, kursun sabitliyi məsələlərini həll etmək iqtidarında olan daha legitim və təmsilçi parlament formalaşdırılmasını tələb edirdi. Bu mənada AŞ-ın son qərarı Əliyevə seçilmiş ssenarinin operativ şəkildə düzəldilməsi üçün daha bir şans verdi. Mahiyyətcə, prezident amansız seçim qarşısında qoyulmuşdu:
– ya seçkiləri öz istədiyi kimi keçirir və rahat klan-birpartiyalı parlament əldə edir, amma son nəticədə özünü və ölkəni Qərbin sanksiyasına və xaric edilmiş roluna düçar edir,
– ya da üzərinə götürdüyü öhdəlikləri, xüsusən, seçkilərin liberallaşdırılması və hakimiyyətdə təmsilçiliyin artırılması üzrə öhdəlikləri real şəkildə həyata keçirməyə başlayır, amma öz hakimiyyət imkanlarını daraldır.
Seçim asan deyil. Amma Heydər Əliyev Avropa Şurasının və ABŞ-ın planlarına sığan məqbul kompromis, yəni onun hakimiyyətinin əsaslarını sarsıtmayan və Qərbə lazım olan sabitliyi təmin edən güzəştləri tapır. 2000-ci ilin razılaşdırılmış parlament seçkiləri 7 yanvar 2001-ci ildə keçirilmiş əlavə seçkilərlə birlikdə Azərbaycanın AŞ-a yanvarın 25-dən başlayan üzvlüyünün xarakterini əvvəlcədən müəyyən edib.
2000-ci il seçkilərinin fərqləndirici xüsusiyyəti AŞ-ın fəal rolu və bu prosesin subyektlərinin (Qərb, hakimiyyət və müxalifət) öz maraqlarına xidmət etməsi oldu, buna görə seçki oyunu müxalifətin də fəal iştirakı ilə AŞ və Əliyev komandası arasında kanat çəkilməsi ssenarisi üzrə keçirilib.
AŞ-ın bu mövqeyi müxalifətə və seçicilərə ədalətli seçkilər keçirilməsi mümkünlüyü, total saxtalaşdırmalar olduğu təqdirdə seçkilərin nəticələrinin tanınmaması ilə bağlı ümid bəxş etdi. Amma son nəticədə prezident Qərbin bir çox istəklərinə məhəl qoymadan, seçkiləri öz ssenarisi üzrə keçirdi və “birpartiyalı” Məclis formalaşdı. Müxalifət partiyaları noyabrın 14-də nəticələrin tanınmaması və parlamentin işində iştirak etməmək haqqında saziş imzalayıblar. AŞ-ın qərarını gözləyən Heydər Əliyev komandası özünəməxsus təbliğat aparırdı: AŞ-a qəbul edilmək haqqında həmin proqnozlarla yanaşı, Qərbin ünvanına məzəmmətlər də səslənirdi və Azərbaycanın Avropasız da keçinə biləcəyi haqqında danışılırdı.
Bu vəziyyətdə AŞ emissarları əsasən hakimiyyət qurumlarını və müxalifəti qarşılıqlı kompromislərə getməyə razılaşdırmağa çalışırdı: ilk olaraq Məclisdə müxalifətin hissəsinin artırılması zərurətini təlqin edirdi, ikinci olaraq təkrar seçkilər keçirməyi və parlamentin işində iştirak etməyi tövsiyə edirdi. Son nəticədə müxalifətin bir hissəsi (AXCP və Vətəndaş Həmrəyliyi Partiyası) Məclisin işində iştirak etməyi qərara alıb. Həmin vaxt artıq heç kim AŞ-ın qərarının müsbət olacağından şübhə etmirdi.
Maraqlıdır ki, AŞ Əliyevin seçki prosesinin demokratikləşdirilməsi üzrə tövsiyələri yerinə yetirmək istəyi olmadığından əmin olduqdan sonra müsbət qərar çıxarıb. Prezident seçkiləri öz ssenarisi ilə keçirib və ölkənin AŞ-a daxil olmasına nail olub. Ola bilər ki, hər iki tərəf demokratiya oyunu ilə praqmatik motivləri ört-basdır edirdilər: avtoritar “talmudu” olan prezident AŞ-a daxil olur, amma bunun müqabilində Qərbə başqa kompensasiyalar verir. Bu oyunda Heydər Əliyevi, çətin ki, qeyri-ardıcıllıqda qınamaq olsun, amma Qərb qeyri-ardıcıllığı ilə çaşdırıb. Və Bakıda bir çoxları bu suala cavab tapmağa çalışırdılar: niyə AŞ öz tələblərini unudub güzəştlərə getdi? Bu qəribə davranışı AŞ-ın geosiyasi reallıqlar şəraitində Azərbaycanı ən qısa zamanda öz qurumuna inteqrasiya etdirmək, ölkənin Qərbyönlü kursunu möhkəmləndirmək və aktiv nəzarət və imzalanmış sazişləri həyata keçirmək imkanı əldə etmək istəyi ilə izah etmək olardı.
AŞ-ın və bütünlükdə Qərbin mövqeyinin hazırki sərtləşməsi yenə 2015-ci il parlament seçkiləri ərəfəsində baş verir. Siyasi kontekstdən göründüyü kimi, prezident İlham Əliyev bu seçkiləri azad rejimdə keçirmək niyyətində deyil. Amma Milli Məclisin qapılarının müxalifət üçün bağlandığı 2010-cu il seçkilərindən fərqli olaraq, bu dəfə atasının təcrübəsindən irəli gələrək, o, seçkiləri idarə olunan rejimdə keçirə və parlamentin qapılarını kiçik konstruktiv müxalifətçilər qrupu üçün bir qədər aralaya bilər, bu, AŞ-da demokratyanın inkişafı yolunda bir addım və Qərblə konstruktiv əməkdaşlıq kimi qəbul ediləcək. Belə bir əməkdaşlığın təsirini artırmaq üçün bir sıra siyasi məhbuslar azadlığa çıxacaq, həmçinin öhdəliklər sahəsində bir sıra qənaətbəxş qərarlar qəbul ediləcək. Hadisələrin bu ssenari üzrə inkişaf edəcəyi üçün Qərbin demokratiya sahəsində yüksəldilmiş tələbləri və rəsmi Bakının AŞ və AŞPA üzvlüyündən çıxmaq haqqında ultimatum-şantaj xarakterli cavabı əsas ola bilər. Cəmiyyət bunun nəticəsini bu maksimalist mövqelərin ortasında tapa bilər.
Turan Analitika Xidməti