Milli Məclisdən Avropa Parlamentinə “korrupsiya” ittihamı və “kürü diplomatiyası”

İllüstrasiya: ChatGpt

Bu gün, dekabrın 19-da Milli Məclis Avropa Parlamentinin Azərbaycandakı siyasi durumla bağlı qətnaməsinə münasibət bildirən bəyanat qəbul edib.

Milli Məclisin spikeri Sahibə Qafarova Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edildiyini iddia edir.

Bəyanatda deyilir:
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsini şiddətlə qınayır və qəti etirazını bildirir. Bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə müdaxilə üçün göstərilən növbəti cəhddir. Avropa Parlamenti insan hüquqları kimi önəmli mövzudan öz təxribatçı niyyətləri üçün istifadəyə davam edir.

Bəs Avropa Parlamentinin bəyanatında nə deyilirdi?


Avropa Parlamenti Azərbaycan hökumətini bütün siyasi məhbusları dərhal azad etməyə, ədalətli məhkəmə prosesini təmin etməyə və təzyiqləri dayandırmağa çağırır. Eyni zamanda Əli Kərimlinin həbsinə etiraz ifadə edilir və onun dərhal azad olunması tələb olunur. Sənəddə vurğulanır ki, Azərbaycanla gələcək tərəfdaşlıq sazişləri insan hüquqları, hüququn aliliyi və siyasi məhbusların azad edilməsi sahəsində real irəliləyişlərdən asılı olmalıdır.

Diqqət çəkən məqam: Azərbaycan hökumətinin Avropa Parlamentini rüşvət almada ittiham etməsi

Milli Məclisin bəyanatında ən çox diqqət çəkən məqam Avropa Parlamentinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsidir. Bəyanatda deyilir ki, “korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən faktlar ifşa olunub”.

Avropa institutlarında son onillikdə ifşa olunan ən böyük və sistemli rüşvət qalmaqallarından biri isə məhz Azərbaycan hökuməti ilə bağlı olub.

“Kürü diplomatiyası”: Avropada ifşa olunan Azərbaycan lobbiçiliyi

Beynəlxalq araşdırmalar göstərir ki, “kürü diplomatiyası” (Caviar Diplomacy) adlandırılan genişmiqyaslı lobbiçilik və rüşvət mexanizmi Azərbaycan hakimiyyətinə yaxın dairələr tərəfindən illərlə Avropa institutlarında tətbiq olunub.

2012–2017-ci illərdə OCCRP, European Stability Initiative (ESI) və digər araşdırmaçı jurnalist platformaları sübut edib ki, Azərbaycana bağlı şəbəkələr Avropa Şurası Parlament Assambleyasında (AŞPA) deputatlara gizli pul köçürmələri, bahalı hədiyyələr (kürü, qızıl, xalça), ödənişli səfərlər, müxtəlif imtiyazlar təqdim edib.

Bu fəaliyyətin əsas məqsədi Azərbaycanın insan hüquqları pozuntuları ilə bağlı tənqidlərin yumşaldılması, mənfi hesabatların bloklanması və ya ümumiyyətlə gündəmdən çıxarılması olub.

Məhkəmə hökmləri və istefalar

“Kürü diplomatiyası” qalmaqalı sadəcə media araşdırmaları ilə məhdudlaşmayıb. Almaniya, İtaliya və digər Avropa ölkələrində bu işlərlə bağlı rəsmi istintaqlar aparılıb, məhkəmə prosesləri başlanıb.

Almaniyada Münhen məhkəməsi Azərbaycanın maraqlarını təmsil edən rüşvət sxemində iştirak etdiyinə görə sabiq alman deputat barəsində hökm çıxarıb. Bu, “kürü diplomatiyası” işi üzrə Avropada çıxarılan ilk real məhkəmə hökmü kimi tarixə düşüb. Bir sıra avropalı siyasətçilər isə mandatlarından və vəzifələrindən istefa verməyə məcbur qalıblar. Bu qalmaqal, Azərbaycandakı insan haqları pozuntularının Avropada ört-basdır edilməsi üçün necə genişmiqyaslı rüşvət şəbəkəsindən istifadə olunduğunu üzə çıxarmaqla, ölkənin Avropa institutlarında nüfuzuna ciddi zərbə vurub. 

Ana səhifəXəbərlərMilli Məclisdən Avropa Parlamentinə “korrupsiya” ittihamı və “kürü diplomatiyası”