Müzakirələrdə bəzən gərgin anlar yaşanıb, radioya Aİ-nin pul ayırmasına qarşı çıxanlar olub
Aprelin 1-də Strasburqda Avropa Parlamentinin plenar iclasında “Azadlıq” radiosu daxil demokratik mediaya çıxışın qorunub saxlanması müzakirə olunub.
Debata ABŞ prezidenti Donald Trampın martın 14-də imzaladığı fərman səbəb olub. Həmin fərmanda “Azadlıq” radiosuna nəzarət edən ABŞ Qlobal Media Agentliyində (USAGM) ixtisarlar nəzərdə tutulub.
Bundan az sonra USAGM-dən Keri Leykin imzasıyla dərc olunmuş məktubda radioya Konqresin təsdiqlədiyi qrantın kəsildiyi bildirilib. Sonradan qrantın kəsilməsi dayandırılsa da, USAGM Konqresin ayırdığı pulu göndərməyib, “Azadlıq” radiosu aprelin 1-dən işçilərinin bir qismini ödənişli məzuniyyətə göndərməli olub.
Plenar iclasda Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos “Azad Avropa/Azadlıq Radiolarını (RFE/RL)” qorumağın vacibliyini vurğulayıb. O xəbərdarlıq edib ki, “bunu etməsək, bütün dünyada avtokratlara hədiyyə vermiş olarıq”.
Aİ-nin xarici siyasət üzrə başçısı Kaya Kallasın adından danışan Kos deyib ki, “Avropa İttifaqı Rusiyadan tutmuş, Belarusa qədər müstəqil media üçün sığınacaq olmalıdır ki, onlar işlərini davam etdirə bilsinlər; siyasi və biznes elitalarından hesabat tələb etsinlər, korrupsiyanı ifşa etsinlər”.
Komissar Aİ-nin “Azadlıq” radiosuna maliyyə ayırmasının mümkünlüyündən danışmayıb. Amma parlamentin bəzi üzvləri bu məsələyə toxunublar.
Bir saatlıq debatda bəzən gərgin anlar yaşanıb, deputatlar çıxışları zamanı bir-birinə səslərini yüksəldiblər.
Müzakirələrdə radioya Aİ-nin pul ayırmasına qarşı çıxanlar da olub.
Aprelin 3-də bitəcək plenar sessiyada qətnamə qəbul olunmayacaq. Amma qətnamənin daha sonra ola biləcəyi ehtimal olunur. Bəzi parlamentarilər “Azadlıq” radiosuna deyiblər ki, durum monitorinq olunacaq.
ABŞ Prezidenti Donald Tramp 2025-ci il martın 14-də yeddi federal agentlik, o cümlədən “Azadlıq” radiosu və digər federal yayımçılara nəzarət edən USAGM-də böyük ixtisarlarla bağlı fərman imzalayıb.
Fərmanın dərcindən bir neçə saat sonra USAGM-in adından göndərilmiş məktubda Konqresin “Azadlıq” radiosuna ayırdığı qrantın kəsildiyi bildirilib.
USAGM 50 dildə informasiya yayımına nəzarət edir. Hər həftə bu informasiya 361 milyon izləyiciyə ötürülür.
2025-ci ildə USAGM-in ümumi büdcəsi 950 milyon dollar nəzərdə tutulub.
“Azadlıq” radiosu üçün bu il 153 milyon dollara yaxın büdcə istənilib.
Ardlnca, martın 18-də “Azad Avropa/Azadlıq Radiolar”ı (RFE/RL) ABŞ Qlobal Media Agentliyini (USAGM), eləcə də bu qurumun rəsmiləri Keri Leyk və Viktor Moralesi məhkəməyə verdiyini açıqlayıb.
İddiada bildirilib ki, Konqresin “Azadlıq” radiosu üçün nəzərdə tutduğu vəsaitin verilməməsi federal qanunların və ABŞ Konstitusiyasının pozulmasıdır. Konstitusiya Konqresə federal xərclər üzərində müstəsna səlahiyyət tanıyır.
Morales USAGM-in rəhbəri vəzifəsini icra edir, Leyk isə onun baş müşaviridir.
Martın 24-də Vaşinqton məhkəməsi maliyyələşdirmənin dayandırılması ilə bağlı “Azadlıq” radiosunun USAGM-ə qarşı ilk iddiasına baxıb.
“Azadlıq” radiosu sentyabrın 30-da başa çatacaq 2025-ci büdcə ili üçün Konqresin ona ayırdığı qrant vəsaitlərinin qalan hissəsini almaq üçün digər hüquqi tədbirlər də görür. Qalan məbləğlə bağlı müvəqqəti qadağa əmri üçün ilkin dinləmələr aprelin ortalarına təyin edilib.
USAGM öz ərizəsində bildirib ki, Kolumbiya Dairə Məhkəməsi işə baxılması üçün uyğun yer deyil və Konqres USAGM-ə qrant alanlara nəzarət etmək üçün geniş səlahiyyətlər verib.
“Azadlıq” radiosu 23 ölkədə, 27 dildə yayımlanır.