Avropa Parlamenti Beynəlxalq Olimpiya Komitəsini Azərbaycandan 2015-ci il Avropa Oyunları çərçivəsində söz azadlığını təmin etməyi tələb etməyə çağırıb
Cümə günü keçirilən iclasda Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini ölkədə insan hüquqlarının sistematik və kobud şəkildə pozulmasına görə pisləyən qətnamə qəbul ediblər. Xüsusən, qeyri-hökumət təşkilatlarının, siyasi fəalların və müstəqil mətbuat nümayəndələrinin təqibinə görə, deyə Avropa Parlamentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Qətnamədə hüquq müafiəçiləri Leyla və Arif Yunus, İntiqam Əliyev, Həsən Hüseynli və Rəsul Cəfərovun dərhal azad edilməsi haqqına dəqiq tələb ifadə olunub. Aİ-nin Azərbaycanla əməkdaşlığı hərtərəfli olmalı və insan hüquqlarının müdafiəsini də əhatə etməlidir, deyə qətnamədə vurğulanır.
Hələlik sənədin tam mətni dərc edilməyib. Qeyri-rəsmi məlumatlara görə, hüquq müdafiəçilərinin təqibinə son qoyulmasa, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsi var.
Bundan başqa, Avropa Parlamenti Beynəlxalq Olimpiya Komitəsini Azərbaycandan 2015-ci il Avropa Oyunları çərçivəsində söz azadlığını təmin etməyi tələb etməyə çağırıb.
Söz azadlığı təmin edilmədiyi təqdirdə Avropa Parlamenti, həmçinin Avropa Şurası Azərbaycana qarşı sanksiyalar ehtimalına baxacaq (Turan İA).
Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Parlamentinin 18 sentyabr tarixli qətnaməsini «qərəzli» adlandırıb:
Onun sözlərinə görə, Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin edilib. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur.
XİN mətbuat xidmətinin rəhbəri qətnaməni Azərbaycana qarşı məqsədyönlü yürüdülən siyasi sifariş adlandırıb.
“İkili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir”,- deyə cənab Abdullayev fikrini tamamlayıb.