Avropa Parlamenti Gürcüstandakı seçkilərin nəticəsini tanımadı

Gürcüstan və Avropa İttifaqı. Foto: tanitost/shutterstock

“Gürcü Arzusu” Partiyasına sanksiyalar tələb olundu

Avropa Parlamenti Gürcüstanda oktyabrın 26-da keçirilmiş seçkilərin nəticələrini tanımayan qətnamə qəbul edib.

Qətnamədə qeyd olunur ki, Avropa İttifaqına namizəd ölkə olan Gürcüstanda keçirilən parlament seçkiləri qeyri-şəffaf keçirilib.

“Bu da ölkədə demokratiyanın uzun müddət boğulmasının növbəti təzahürüdür. Buna görə də bütün məsuliyyəti hakim “Gürcü Arzusu” Partiyası daşıyır”, – bəyanatda deyilir.

Avropa Parlamentinin deputatları çoxsaylı və ciddi seçki pozuntularını, o cümlədən seçicilərin hədələnməsi, səslərin manipulyasiyası və seçki müşahidəçilərinə və mediaya müdaxilənin sənədləşdirilmiş hallarını pisləyiblər.

“Avropa Parlamenti hesab edir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi səsvermənin nəticələri gürcü xalqının iradəsini etibarlı əks etdirmir. Buna görə də yaxın bir il ərzində, beynəlxalq nəzarət altında yenidən seçki keçirilməldir”.

Parlament həmçinin Avropa İttifaqı ölkələrindən Gürcüstanda “demokratiyanın boğulmasına, seçki qanunlarının və standartlarının pozulmasına və səlahiyyətdən sui-istifadəyə” görə məsul olan məmurlara və siyasi liderlərə şəxsi sanksiyalar tətbiq etməyi tələb edir:

“Bunlar Baş nazir İrakli Kobaxidze, Tbilisi meri və hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili və keçmiş baş nazir və oliqarx Bidzina İvanişvilidir”.

Avropa Parlamentinin deputatları həmçinin Aİ liderlərini Gürcüstan hökuməti və parlamenti ilə rəsmi əlaqələri məhdudlaşdırmağa çağırırlar.

Parlamentarilər bildiriblər ki, Gürcüstan “bu yaxınlarda qəbul edilmiş antidemokratik qanunlar, o cümlədən xarici təsirin şəffaflığı haqqında qanun nəticəsində Aİ-yə inteqrasiya prosesini dayandırıb.

“Gürcü arzusu” hökumətinin siyasəti Gürcüstanın Avroatlantik inteqrasiyası ilə bir araya sığmır”, – Avropa Parlamenti qeyd edib.

Bundan əlavə, parlament Rusiyanın dezinformasiya yolu ilə Gürcüstandakı demokratik proseslərə sistemli şəkildə müdaxiləsini pisləyib.

2024-cü il oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Hesablamanın nəticələrinə görə, hələ də hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyası qalibdir.

Gürcüstanın müxalif siyasi qüvvələri ölkədəki seçkilərin nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Prezident Salome Zurabişvili də nəticələri tanımayıb.

Gürcüstan hüquq-mühafizə orqanları parlament seçkiləri ilə bağlı 47 cinayət işi açıb.

Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, gürcü seçicilərinin partiyalar arasında geniş seçim imkanı olsa da, səsvermənin özü qeyri-bərabər şərait, təzyiq və gərginliklə keçib. Lakin Tbilisi məhkəməsi dairə komissiyalarının yekun protokollarının etibarsız sayılmasını tələb edən müxalif siyasi qüvvələrin və ictimai təşkilatların bütün iddialarını rədd edib.

Bundan sonra Gürcüstanın müxalifət partiyaları yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə daimi küçə etirazları elan ediblər.

Ana səhifəDünyaAvropa Parlamenti Gürcüstandakı seçkilərin nəticəsini tanımadı