Rəcəb Tayyib Ərdoğan: ““Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”
Aprelin 15-də Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə layihəsi müzakirə edilib.
APA
-nın Avropa bürosunun xəbərinə görə, AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka) “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının demək olar hamısı belə bir “soyqırımın baş verdiyini” söyləyiblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər.
Fransalı avroparlamentar Jan-Mari Kavada isə Türkiyənin prezidentini “100 il öncə qətlə yetirilmiş ermənilərin ruhu qarşısında baş əyməyə” çağırıb. Çıxış edən bir çox avropalı deputatlar üçün əsas istinad nöqtəsi Roma Papasının da “erməni soyqırımı” ifadəsini işlətməsi olub.
İclasda zalda oturanların əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımlarla bağlı bir cümlə də səsləndirməyib.
Avropa Komissiyası adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva isə öz çıxışında “soyqırım” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. Xanım Georgiyeva bu haqda suala cavab verərkən, “soyqırım” məsələsinin çox həssas olduğunu deyərək, AB-nə üzv ölkələri arasında bununla bağlı birmənalı mövqeyin olmadığını qeyd edib.
Qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.
Qəbul olunmuş qətnamə layihəsində Avropadakı vətəndaş cəmiyyətlərini, parlamentarlar, assosiyasiyalar, mətbuat nümayəndələri, eləcə də Avropa Komissiyası, Avropa Birliyi Şurası və AP Ümümavropa anım mərasimini qeyd etməyə səslənilir.
“Türkiyənin üzərində “soyqırım” ləkəsi və kölgəsi yoxdur”
“Anadolu” Agentliyinin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini “soyqırım” adlandırmasına cavab olaraq bildirib.
“Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”.
Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: “Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”.
APA-nın xəbərinə görə, Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara “twitter” sosial şəbəkəsi üzərindən münasibət bildirib: “AP bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun”.
Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri və baş müzakirəçi Volkan Bozkır da AP-nin qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib.
Bozkır bu qərarın tarixi və hüquqi gerçəyi əks etdirmədiyini, ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımadığını qeyd edib: “Avropa Parlamenti bugünkü qərarı ilə keçmişdəki acılar arasında ayrı-seçkilik yaradıb. Birinci Dünya Müharibəsində həlak olmuş Türk və Müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb”.
Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: “Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir”.
Bozkır Türkiyənin 1915-ci il olaylarının tarixi komissiyada araşdırılması ilə çağırış etdiyini də xatırladıb: “Ermənistanla 2009-cu ildə protokollar imzaladıq. Ancaq bu protokollar təsdiq olunmadan Ermənistan parlamentindən yığışdırıldı. Avropa Parlamenti isə bu qərarı ilə tarixi siyasətə alət etdi. AP-nin istifadə etdiyi “soyqırım” ifadəsi hüquqi anlayışdır. Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir”.