Deputatlar həmçinin “Qazprom”la əməkdaşlığa da son qoyulmasını istəyirlər
Avropa Parlamentinin deputatları UEFA-dan xahiş edir ki, Çempionlar Liqasının finalını Rusiyanın Sankt-Peterburq şəhərində təşkil etməsinlər.
“Reuters” xəbər verir ki, Avropa Parlamentinin bir qrup deputatı UEFA-dan bu ilin may ayında Sankt-Peterburqda baş tutacaq Çempionlar Liqasının finalının keçirilmə yerinin dəyişdirilməsini və beynəlxalq futbol yarışlarının təşkilatçılığında Rusiya şəhərlərini nəzərə almamağı xahiş edib. Bu barədə deputatların UEFA-ya ünvanladığı məktubda yazılıb:
“Biz sizi Sankt-Peterburq və Rusiyanın digər şəhərlərini beynəlxalq futbol yarışlarının keçiriləcəyi yer kimi nəzərdən keçirməyi dayandırmağa və ilk addım olaraq 28 may 2022-ci il tarixində keçiriləcək Çempionlar Liqasının finalı üçün alternativ məkan seçməyə çağırırıq”.
Bundan əlavə, deputatlar UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclasını çağırmağı, UEFA-nın sponsoru qismində “Qazprom”la əməkdaşlığa son qoymağı və beynəlxalq hüququn pozulmasında şərik olan ayrı-ayrı
Rusiya rəsmilərinə qarşı sanksiyaları nəzərdən keçirməyi xahiş edirlər.