“Avropa Oyunlarından sonra bizə ev verəcəklər”
“…Siçovulların əlindən tərpənə bilmirik. Qorxu işindəyik ki, birdən hansısa uşağın əlini, ayağını dişləyər. Mikrob, xəstəlik mənbəyidir buralar. İllərdir bu soyuq, rütubətli divarlar arazında zülm çəkirik”.
Əlləri qoynunda, dərdli-dərdli öz həyatını anladır məcburi köçkün. 20 ildən artıqdır onlar Dərnəgül qəsəbəsində, “Elit” Ticarət Mərkəzinin arxasında yerləşən 3 saylı Evtikmə Kombinatında yaşayırlar. Bura “Beton Zavodu” kimi də tanınır. Sovet dövründə beton istehsal edən zavod fəaliyyətini dayandırdıqdan sonra məcburi köçkünlər bura sığınıblar.
Ötən il Meydan TV bu zavodda yaşayanların durumunu işıqlandırmışdı. Gündən-günə böyüyən, gözəlləşən, xüsusilə Avropa Oyunları ərəfəsində abadlaşan Bakının mərkəzindəki bu mənzərə də dəyişdimi deyə düşündük və təkrar zavoda yollandıq.
Şəhərin mərkəzində xarabalıq
Dərnəgül qəsəbəsi Bakının lap göbəyində yerləşir. Buradakı yaşayış binalarında mənzillərin qiyməti 60-70 min manatdan aşağı deyil. Məmurların əksəriyyətinin evləri, villaları bu qəsəbənin yaxınlığında yerləşir. Amma illərdir ki, sanki heç kim bu zavodun divarları arasında yaşayan ailələri görmür. Baxmayaraq ki, əraziyə tez-tez jurnalistlər gəlir, bu insanların taleyini işıqlandırır, hər kəsi xəbərdar edirlər…
Ərazidə 100-dən artıq məcburi köçkün ailəsi yaşayır. Özlərinin dediyinə görə, təxminən 200 uşaq var. Zavodun istismar müddəti çoxdan bitdiyindən hər tərəf uçub tökülür. Sakinlər taxta və kartondan özlərinə kiçik otaqlar düzəldiblər. İlk baxışdan adama elə gəlir ki, bunlar mənzillər deyil, qəzet köşkləridir. Burada tam bir nəsil dünyaya gəlib, böyüyüb və artıq evlənmək yaşını haqlayıb.
“Bizim uşaqlar Qarabağı ancaq televiziyada görüblər. Nə torpağımızı alırlar, nə də bizə ev verirlər. Bura gəldiyimiz gündən deyirlər, yeni ev veriləcək. İlləri yola vermişik” – deyir, qadın.
Qaz olmadığından qadınlar paltarları soyuq su ilə yumaq məcburiyyətində qalırlar. Deyirlər ki, qışda vəziyyət daha da ağırlaşır. Soyuq su artıq hamısının əllərini çat-çat edib.
Cəhənnəm kimi həyat
Dəmir dirəklər, hörümçək toruna bənzəyən elektrik məftilləri və hər an təhlükə yarada biləcək bu görüntünün altında oynayan uşaqlar…
Gecələr qutu evlərdə yatıb, gündüzlər zibilliklərin arasında oynayan bu uşaqlar taleyin ümidinə buraxılıblar.
Əraziyə gələn jurnalistlərin suallarını cavablandıran İbrahim müəllim deyir ki, hava küləkli olanda bura cəhənnəmə dönür. Zibillər havada uçuşur, tozanaqdan nəfəs tutulur. Uzun illər bu vəziyyətdə yaşayan məcburi köçkünlər arasında bronxit, ağciyər xəstəliklərindən əziyyət çəkənlər çoxdur. Bir sözlə, yayda ağcaqanad, qışda soyuq nəfəslərini kəsir. Siçovullarsa ilin hər fəslində var…
Yaşamaq uğrunda savaş
Xarabalıqda yaşasalar da, özləri üçün güzəran yaratmaq, heç olmasa gündəlik qazanc əldə etmək üçün “ev”inin yanında piştaxta qoyanlar, “mağaza” açanlar da var.
“20 ildə bircə nəfər maraqlanmayıb ki, bu kombinatda yaşayanlar necə yaşayır. Ev versələr, ayaqyalın, qaça-qaça gedərdim. Hamıya deyirəm ki, yığılaq şikayət ərizəsi yazaq. Ancaq heç kim qorxusundan yaxın durmur. Bəzilərinin şəraiti nisbətən yaxşıdı deyə narazı deyillər. Amma bizim kimilər necə yaşayır bir Allah bilir. Yayda ilbizlər evə girir. Siçovulların əlindən tərpənmək olmur. Yatanda da qorxa-qorxa yatırıq. Hər il mayda deyirlər ki, köçürürük sizi. Ancaq hələ də bir xəbər yoxdur” – deyir, əslən Şuşadan olan qadın.
Məcburi köçkünlər ümidlərini indi də Avropa Oyunlarından sonrakı dövrə bağlayıblar.
“Deyirlər, Avropa Oyunlarından sonra bizə ev verəcəklər. İndi hökumətin başı ona qarışıqdı. Bu oyunlar ölkəmizi Avropada tanıdacaq. Yəqin bu, ölkəmizə qazanc da gətirər, iqtisadiyyatımız güclənər, bizə ev verərlər” . Bunu da qadınlardan biri deyir.
Beton Zavodunun qarşısındakı yollar yeni üzlənib. Çox yaxında ölkəyə gələn turistlər bu yollarla Bakının seyrinə çıxacaqlar. Divarın o tayından xəbərsiz…