Avropa ölkələri Xuan Quaydonu Venesuellanın prezidenti kimi tanıdı

Avropa ölkələri rəsmi olaraq müxalifət lideri Xuan Quaydonu (Juan Guaido) Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdı.

Source:

Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və digər Avropa ölkələri rəsmi olaraq müxalifət lideri Xuan Quaydonu (Juan Guaido) Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdı.

Avropa ölkələrinin qərarı prezident Nikolas Maduronun Avropa Birliyinin fevralın 3-də növbədənkənar seçki çağırmaq haqda son tələbinin rədd etməsindən sonra açıqlanıb.

Qərb ölkələri Maduronun fevralın 3-nə keçən gecəyə qədər Avropa Birliyinin azad və ədalətli prezident seçkisinə çağırışına cavab vermədiyi təqdirdə Quaydonun prezidentliyini tanıyacaqlarını söyləmişdilər.

“Biz heç kimsədən ultimatum qəbul etmirik,” – Maduro, keçən həftə İspaniyanın “Antena 3” televiziya kanalına müsahibəsində demişdi: “Mən seçki çağırmağa qarşıyam. Növbəti seçki 2024-cü ildə olacaqdır. Biz Avropanın nə dediyini önəmsəmirik”.

Avropanın böyük dövlətləri Maduronun yeni seçkinin vaxtını təyin etməsi üçün səkkiz günlük müddət qoymuşdu. Maduro hökumətinə etiraz etmək üçün fevralın 2-də on minlərlə insan Venesuelanın müxtəlif şəhərlərində küçələrə çıxmışdı.

“Qəsb edilmiş hakimiyyəti legitimləşdirmək cəhdləri Venesuelanın daxili işlərinə qarışmağa bərabərdir”, – Rusiyanın prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov fevralın 4-də jurnalistlərə deyib.

Bundan öncə isə Rusiyanın Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin rəhbəri Aleksandr Şchetinin “İnterfaks”-a bildirib ki, beynəlxalq ictimaiyyət Venesuelaya ölkənin sərhədləri xaricindən dağıdıcı müdaxilə etməməklə kömək etməlidir.

Quaydo keçən ay özünü müvəqqəti lider elan edib və ABŞ-ın dəstəyini qazanıb. Rəsmi Paris bildirib ki, Quaydonun seçki təşkil etmək hüququ var, çünki hakimiyyətini saxlamağa çalışan prezident Maduronun rəhbərlik etdiyi sosialist hökuməti bundan imtina edir.

Maduro təzyiqlər artdıqca, ölkədə vətəndaş müharibəsi ehtimalını istisna edə bilməyəcəyini söyləyib.

Bir telekanala müsahibəsində o qeyd edib ki, ABŞ prezidenti Donald Tramp (Trump) ölkədəki böhrana hərbi yolla müdaxilə edərsə, Ağ Evi “əli qana batmış” şəkildə tərk edəcək.

ABŞ prezidenti Donald Tramp, Venesuelaya hərbi müdaxilənin “bir seçim” olduğunu söyləyib. Qərb ölkələri sosialist lider Nikolas Maduronun hakimiyyətdən getməsi üçün təzyiq edərkən, bu OPEC ölkəsinin müttəfiqi Rusiya Trampın bu deyimini “dağıdıcı müdaxilə” adlandırıb.

Tramp yerli telekanal CBS-ə müsahibəsi zamanı deyib ki, ABŞ-ın hərbi müdaxiləsi müzakirə edilir.

“Əlbəttə ki, bu, bir seçimdir,” – Tramp deyib. O əlavə edib ki, Maduro bir ay əvvəl görüş tələb edib.

“Mən bu təklifi geri çevirdim, çünki biz bu prosesdə bir- birimizdən çox uzağıq,”- deyə Tramp müsahibəsində deyib: “Yəni, məncə, proses artıq sona yaxınlaşır”.

Tramp administrasiyası ötən həftə tibbi çatışmazlıqları olan və qida böhranı ilə üzləşən ölkənin əsas gəlir mənbəyi olan Venesuela dövlət neft şirkəti PDVSA-ya sanksiya tətbiq edib.

İqtisadi böhran və milyonlarla venesuelalının ölkəni tərk etməsinə səbəb olan Maduro Rusiya, Çin və Türkiyənin, o cümlədən ordunun önəmli dəstəyinə sahibdir.

Ana səhifəXəbərlərAvropa ölkələri Xuan Quaydonu Venesuellanın prezidenti kimi tanıdı