Avropa ölkələri liderləri Ukraynanın durumundan narahatdır

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi. Foto: evan_huang/shutterstock

ABŞ hökumətinin büdcə layihəsində Ukraynaya yardım nəzərdə tutulmayıb

Hardasa 50 Avropa ölkəsinin lideri Ukraynanın hazırkı durumundan narahatdır. Səbəb daha çox ABŞ-ın maliyyələşdirməsinin etibarlılığı məsələsidir.

ABŞ Prezidenti Co Bayden oktyabrın 1-də hökumətin bağlanmasını önləmək məqsədilə müvəqqəti büdcə layihəsini imzalayıb. Lakin həmin sənəddə Ukraynaya yardım nəzərdə tutulmayıb.

Bayden daha sonrakı açıqlamasında Ukraynaya yardımın davam edəcəyini, Konqresin başqa bir qanun layihəsi ilə yardımı təsdiqləyəcəyini bildirib.

Bu açıqlama Avropa Birliyi ölkələrinin Ukraynanın taleyindən və bölgədəki durumdan narahat olmasının qarşısını ala bilməyib.

“Bloomberg” yazır ki, ABŞ-da yeni büdcə sənədində Ukraynaya yardımın nəzərdə tutulmaması Kiyevin əks-hücumunun kritik mərhələsində baş verib.

Üstəlik, bu, Slovakiyada keçirilən parlament seçkilərində Rusiyayönlü kampaniya mövqeyi tutan keçmiş baş nazir Robert Fikonun qələbəsi ərəfəsində baş verib. O, daha öncə açıqlamasında qonşu Ukraynaya “bir patron da göndərməyəcəyini” bildirmişdi.

Avropa liderləri bu hadisəni Qərbdə Ukraynaya dəstəyin azaldığının növbəti əlaməti hesab edir.

Co Bayden, Mənbə: lev radin/shutterstock
Co Bayden, Mənbə: lev radin/shutterstock

Oktyabrın 3-də Avropa Siyasi Birliyinin iclasında çoxtərəflilikdən tutmuş enerji problemlərinədək bir çox mövzu müzakirə edilib.

Aİ liderləri daha sonra oktyabrın 4-də Qranadada yeni üzvlərə necə hazırlaşmaqdan tutmuş miqrantların gəlişinin yükünü bölüşdürməyə qədər mübahisəli məsələlərlə bağlı qeyri-rəsmi sammit keçirəcəklər.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müzakirələrə qatılıb-qatılmayacağı hələlik, təsdiqlənməyib. Kiyev ilin sonuna kimi Aİ ilə danışıqlara başlamaq istəyir və gələn ay blokun icraedici qolu olan Avropa Komissiyası tərəfindən islahatların müsbət qiymətləndiriləcəyinə ümid edir.

Kiyevin Aİ-yə qoşulmaq istəyi blokun genişlənmə prosesini canlandırıb. Üzv ölkələri Ukrayna, Moldova və Qərbi Balkan ölkələri də daxil olmaqla, doqquz yeni üzvü necə qəbul edəcəyini müzakirə etməyə məcbur edib.

Normalda on ildən çox davam edə bilən çətin üzvlük meyarlarını sürətləndirmək üçün bir yol yoxdur.

Şarl Mişel, Foto: “europarl.europa.eu”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel blokun 2030-cu ilə qədər genişlənməyə hazır olmasını təklif edib.

Aİ liderləri iqtisadiyyat və ya müdafiə kimi məsələlərdə mövcud üzvlər arasında əməkdaşlığı dərinləşdirərkən prosesi necə idarə olunacağını müzakirə edəcəklər. Blok genişlənməni Rusiya və Çinin yaratdığı çağırışlara cavabını gücləndirmək üçün geosiyasi alət hesab edir.

Aİ Komissiyası Ukraynaya üzvlük danışıqlarını tövsiyə etməyə hazırlaşır.

Josep Borrel. Foto: “European Parliament”

Oktyabrın 2-də Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya həmrəylik göstərmək məqsədilə Kiyevdə toplanıblar.

“Burada, Ukraynada, bloka namizəd ölkə və gələcək üzvünün ərazisində Aİ xarici işlər nazirlərinin tarixi görüşü keçirilir. Biz Ukrayna xalqına həmrəylik və dəstəyimizi ifadə etməyə gəlmişik”, – Aİ-nin baş diplomatı Jozep Borrel “X” (keçmiş “Twitter”) platformasında yazıb.

O Kiyevə səfəri zamanı deyib ki, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını davam etdirəcəyini gözləyir.

İnanırıq ki, bu, son söz olmayacaq… Birləşmiş Ştatlar Ukraynaya yardımı davam etdirəcək”.

Borrel Prezident Volodimir Zelenski, müdafiə naziri Rustem Umerovla görüşlərdən sonra deyib ki, Aİ Ukrayna üçün uzunmüddətli təhlükəsizlik öhdəlikləri hazırlayır.

Ana səhifəDünyaAvropa ölkələri liderləri Ukraynanın durumundan narahatdır