Rəşid Hacılı: Hökumət Avropa Məhkəməsi qərarlarını hər yolla icra etməkdən boyun qaçırır
Azərbaycan hökuməti jurnalistlərlə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarları icra etmir. Söhbət hərbçi jurnalist Üzeyir Cəfərov və “Azadlıq” qəzetinin Fransaya mühacirət etmiş əməkdaşı Aqil Xəlilin işlərindən gedir.
Avropa Məhkəməsi Üzeyir Cəfərovun hüquqlarının pozuntusunu 2015-ci ilin yanvarında tanıyıb. Aqil Xəlilin işi üzrə qərar isə ötən ilin oktyabrında qəbul olunub.
Üzeyir Cəfərovun Meydan TV-yə bildirdiyinə görə, Avropa Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra Beynəlxalq Bankın Binəqədi filialında qərar üzrə vəsaitin ödənilməsi üçün bank hesabı açıb. Bununla bağlı vəkilləri vasitəsilə bir neçə dəfə Avropa Məhkəməsi Yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyini bilgiləndirib. Ancaq qərarın qüvvəyə minməsindən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, qərarın icrası ilə bağlı hər hansı effektiv addım atılmayıb.
Ü.Cəfərov lavə edib ki, qərarın icrası ilə bağlı onu iki dəfə Yasamal rayon Polis İdarəsinə çağırıblar. İdarədə hüquqlarının pozuntusu ilə bağlı jurnalistin ifadəsi alınıb.
“Başqa heç bir addım atılmayıb, o cümlədən təzminat hissəsi icra edilməyib”.
Jurnalist Aqil Xəlilin işi ilə bağlı durum nisbətən fərqlidir. Hökumət məhkəmə qərarında nəzərdə tutulan təzminatın bir hissəsini ona ödəyib. Ancaq jurnalistin hüquqlarının pozuntusunun aradan qaldırılması ilə bağlı hər hansı addım atılmayıb.
Hər iki jurnalisti Avropa Məhkəməsində təmsil etmiş vəkil Rəşid Hacılı “Turan” İA-a açıqlamasında bu iki işdə hökumətin Avropa Məhkəməsi qərarlarını hər yolla icra etməkdən boyun qaçırmağa çalışdığını deyib.
“Bu işlərdə hökumət pozuntulara yol verib. Aqil Xəlil işində hökumət hətta bütün pozuntuları tanidiğinı etiraf da edib. Ancaq hökumət öz səhvlərini aradan qaldırmır, öz vətəndaşlarının Avropa Məhkəməsi tərəfindən təsdiqlənmiş hüquq pozuntularını bərpa etmir”, deyə vəkil bildirib.
Qərarların icrasına Avropa Şurası Nazirlər Komitəsinin nəzarət etdiyini bildirən R.Hacılı deyib ki, vəkillər icraya nail olunması üçün gərəkli hüquqi prosedurları həyata keçirməkdədilər.
Hökumət vaxtaşırı Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı problemin olmadığını bəyan edir.
Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bir müddət əvvəl qərarların icrasında ciddi problemlərin olmadığını, təzminatların ödənilməsində isə heç problemin olmadığını açıqlamışdı.
Avropa Məhkəməsi Ü.Cəfərovun şikayəti ilə bağlı qərarını ötən ilin yanvarında qəbul edib. Həmin qərarda hərbi jurnalistin işgəncəyə məruz qalmamaq hüququnun pozuntusu tanınıb. Qərara görə, hökumət jurnalistə 14 400 avro təzminat ödəməlidir.
Aqil Xəlilin işi ilə bağlı Avropa Məhkəməsinin qərarı isə ötən ilin oktyabrında qəbul edilib. Məhkəmə öz qərarında jurnalistin yaşamaq, işgəncələrin qadağan olunması, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət , ifadə azadlığı, səmərəli hüquqi müdafiə vasitələri və hərəkət etmək azadlığı hüquqlarının pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət A.Xəlilə 28 000 avro təzminat ödəməlidir.
Avropa Məhkəməsinin qərarları qəbul edildikdən 3 ay sonra icra edilməlidir. İcra yubandıqda hökumət hər günə görə əlavə faiz ödəməlidir.