Avropa Məhkəməsinin qərarı İlkin Rüstəmzadəni hiddətləndirib

Avropa Məhkəməsi onunla birlikdə mühakimə olunmuş digər NİDA-çıların şikayəti üzrə qərarında 18-ci maddənin pozuntusunu tanıyaraq, onların siyasi motivlərlə cəzalandırıldığı nəticəsinə gəlmişdi

Source: google.az

''Avropa Məhkəməsinin barəmdə qəbul etdiy, hüquqi cəhətdən yarımçıq, siyasi və mənəvi cəhətdən isə rəzil, rüsvayçı qərar mənim üçün çox ağır, sarsıdıcı oldu''

Avropa İnsan Haqları Məhkəməsinin NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə haqqında martın 7-də çıxardığı qərar gənc fəalı qane etməyib. Martın 8-də ailə üzvlərilə telefonla danışan İ.Rüstəmzadə bu qərarın onun üçün “çox ağır və sarsıdıcı” olduğunu söyləyib. Bu barədə Meydan TV-yə onun ailə üzvləri məlumat verib.

Gənc fəalın bacısı Türkan Rüstəmzadənin bildirdiyinə görə, İlkin haqqındakı qərar barədə bunları deyib:

“Avropa Məhkəməsinin barəmdə qəbul etdiyi hüquqi cəhətdən yarımçıq, siyasi və mənəvi cəhətdən isə rəzil, rüsvayçı qərar mənim üçün çox ağır və sarsıdıcı oldu. Bu qərarla bağlı düşüncələrimi ətraflı şəkildə yaxın günlərdə bölüşəcəm. Hələlik isə bəzi fikirlərimi çatdırmaq istəyirəm.

Bəzi hüquq müdafiəçiləri və bəzi vəkillərim həbsimin ilk günlərindən çox ucuz şou qurdular. Üç il ərzində adım xarici mediada hansısa düşük, mənasız videonu çəkən şəxs olaraq hallandı. Özü də tamamilə yalan olduğu halda…”

Digər NİDA-çı fəallarla birlikdə İ.Rüstəmzadəyə də ölkədə kütləvi iğtişaşların təşkili, bu məqsədlə “Molotov kokteylləri”nin hazırlanması, saxlanması kimi ittihamlar verilmişdi. Lakin İlkinə qarşı həm də xuliqanlıq ittihamı irəli sürülmüşdü. Söhbət onun həbs olunduğu 2013-cü ildə populyar olan “Harlem Shake” rəqsinə Bakı bulvarında çəkilmiş videodan gedir. Həmin videoda bir qrup gəncin etdiyi hərəkətlər yer alıb, amma onların arasında İlkin yoxdur. İddia olunurdu ki, İ.Rüstəmzadə həmin videonu hazırlayıb, internetdə yayıb. İlkin isə bunu bu iddianı da rədd edərək, ümumiyyətlə, o videoya heç bir aidiyyəti olmadığını bildirirdi. Daha sonra bloger Mehman Hüseynov da sözügedən videonu özünün çəkdiyini və hazırlayıb, “youtube”a yerləşdiyini açıqlamışdı.

Yaxınlarının sözlərinə görə, İlkinin “Harlem Shake” videosuna görə həbs olunması barədə deyilənlər ona çox pis təsir edir. İlkin bildirib ki, o, bu məsələnin qabardılmasına etiraz etmək istəyəndə ona mane olublar. Deyiblər ki, narahat olma, hətta bu cür qəbul olunsa belə, Avropa Məhkəməsi bunu Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozuntusu kimi tanıyacaq: “Belə münasibətə qətiyyən layiq olmadığım halda, ağzımı açmağa imkan vermirdilər ki, Avropa Məhkəməsi, 10-cu maddə… Buyurun, bu da Avropa Məhkəməsi, bu da 10-cu maddəniz…”

İ.Rüstəmzadənin həbs qərarından Avropa Məhkəməsinə göndərilmiş ərizədə Konvensiyanın 5 (azadlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınması istənilmişdi. Lakin Məhkəmə İlkinin həbsini ancaq 5-ci maddənin pozuntusunu tanıyıb və buna görə 22 min 500 avro kompensasiya təyin edib.

“Gün kimi aydın məsələdir ki, İlkini əsgər ölümlərinə etiraz aksiyasının təşkilinə görə tutublar. İlkinə də, bizə də pis təsir edən odur ki, sanki bu məsələ arxa plana atılır, “Harlem-Shake” qabardılır. Belə düzgün deyil. Əsgər ölümlərinin qarşısının alınması məqsədilə aksiya təşkil etdiyinə ən çox cəza alan və ən çox da həbsdə qalan İlkindir. O, belə münasibətə layiq deyil. Hər şeyi öz adıyla çağırmaq lazımdır ki, bu adam “Əsgər ölümlərinə son!” aksiyasına görə tutulub. İlkin də istəyirdi ki, Məhkəmə 18-ci maddənin pozuntusunu tanısın, onun qeyd-şərtsiz buraxılması tələbi qoyulsun”, – deyə İ.Rüstəmzadənin anası Atlas Hüseynova bildirib.

Anasının sözlərinə görə, İ.Rüstəmzadənin son həbsindən əvvəl etiraz aksiyasında iştirakıyla əlaqədar inzibati həbsinə görə Avropa Məhkəməsinin 2017-ci il iyulun 20-də çıxardığı qərar da hələ icra olunmayıb: “Həmin qərarda təyin olunmuş 6 min avroluq kompensasiyanı indiyə qədər ala bilməmişik”.

İ.Rüstəmzadə 2013-cü ildə orduda qeyri-döyüş şəraitində əsgər ölümlərinə etiraz məqsədilə Bakıda keçirilən aksiyaların təşkilatçılarından olub. Həmin vaxt “Azad Gənclik” təşkilatının üzvü olan İlkin öncə aksiyaya görə inzibati həbs alsa da, sonra onun da barəsində cinayət işi başlanıb. Daha yeddi nəfər NİDA-çı ilə birlikdə mühakimə olunan İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilib. Həmin yeddi nəfərin hamısı bir neçə il əvvəl azadlığa buraxılıb, yalnız İlkin qalıb.

Avropa Məhkəməsi onunla birlikdə mühakimə olunmuş digər NİDA-çıların şikayəti üzrə qərarında 18-ci maddənin pozuntusunu tanıyaraq, onların siyasi motivlərlə cəzalandırıldığı nəticəsinə gəlmişdi.

Ana səhifəXəbərlərAvropa Məhkəməsinin qərarı İlkin Rüstəmzadəni hiddətləndirib