Avropa Şurasının xüsusi missiyası Bakıda səfərdədir
Avropa Şurasının xüsusi missiyası Bakıdadır. Səfərin məqsədi Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina etməsi səbəbini öyrənməkdir.
Yanvarın 11-də AŞ baş katibi Yanqland Strasburqda keçirdiyi müşavirədə təşkilatın nizamnaməsinin 52-ci maddəsi əsasında yaradılan xüsusi missiyanın Azərbaycana getdiyini bildirib:
“Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla əlaqədar digər məsələləri müzakirə edəcək”.
Həmin gün AŞ katibliyinin hüquq departamentinin direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktoru Aleksandr Gessel baş prokurorun müavini Namiq Əsgərovla görüşüblər.
AŞ nizamnaməsinin 52-ci maddəsi AŞ qərarlarına məhəl qoyulmaması və üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsindən imtina halları ilə bağlı təşkilat üzvü olan ölkələrə sanksiya tətbiqini nəzərdə tutur.
İndiki halda Azərbaycan hakimiyyəti REAL Hərəkatının lideri, beynəlxalq birlik tərəfindən siyasi məhbus kimi tanınan İlqar Məmmədovun azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına açıq şəkildə məhəl qoymur və yerinə yetirməkdən nümayişkaranə şəkildə imtina edir.
Həbsdə olan keçmiş nazir Əli İnsanovun işi üzrə AİHM-nin qərarları da icra edilmir. Azərbaycan hakimiyyəti öz hərəkətləri ilə bağlı tutarlı açıqlama vermir.