”Avropa Məhkəməsinə Dilqəm və Şahbazla bağlı videomateriallar təqdim olunub”

Anar Bağırov: “Görüntülər işgəncələrlə bağlıdır”

Source:
Dilqəm Əsgərov və Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyev


Anar Bağırov: “Görüntülər işgəncələrlə bağlıdır”

“Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı videomateriallar təqdim olunub”.

“APA” agentliyinin verdiyi xəbərə əsasən, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, videomateriallar təkcə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən təqdim olunan görüntülər deyil, onların arasında digər yollarla əldə olunmuş görüntülər də var.

A.Bağırov deyib ki, əldə edilən materiallar üzərində iş aparılır:

“Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq”.

Bu sübutların nə dərəcədə qanuni yolla əldə edilməsi və Avropa Məhkəməsinin belə hallara reaksiyasına gəlincə, A.Bağırov deyib ki, sübutlar qanuni yolla əldə edilməlidir.

“Avropa Məhkəməsi bütün hallara əhəmiyyət verir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir. Ona görə də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün sübutlar əhəmiyyətli və mötəbərdir”.

2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb.

Kəlbəcərə yaxınlarının məzarını ziyarətə getdiyini deyən Azərbaycan vətəndaşları ilə bağlı həmin ilin dekabrında tanınmamış “DQR”-də məhkəmə prosesi keçirilib.

2015-ci il yanvarın 30-da məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Hər iki Azərbaycan vətəndaşı Şuşa həbsxanasında saxlanılır.

Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə mümkündür.

Azərbaycanda isə iki erməni diversant – Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.

Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Avropa Məhkəməsinə Dilqəm və Şahbazla bağlı videomateriallar təqdim olunub”