Avropa Məhkəməsi Xədicə İsmayılın iki işi üzrə kommunikasiyaya başlayıb

Qurum cavablandırılması üçün Azərbaycan hökumətinə suallar ünvanlayıb

Source:


Qurum cavablandırılması üçün Azərbaycan hökumətinə suallar ünvanlayıb

Avropa Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə kommunikasiyaya başlayıb.

Bunu Meydan.TV-yə jurnalistin vəkili Fariz Namazlı deyib. Onun sözlərinə görə, kommunikasiya iki iş üzrə başlayıb: “14  mart 2012-ci ildə Xədicə İsmayılovanın evində quraşdırılmış gizli video ilə çəkilən intim həyatına dair görüntülər internet saytlarında yayıldığı dövrdə “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetləri onun əxlaq çatışmazlığının olması ilə bağlı çoxsaylı məqalələr dərc etdi. 15 mart 2012-ci ildə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlandı. 26 aprel 2012-ci ildə Baş Prokurorluq və Bakı şəhər Prokurorluğu cinayət işinin istintaqı ilə bağlı mətbuata bəyanat verdilər, həmin bəyanatda X.İsmayılın şəxsi həyatına dair informasiyalar da öz əksini tapıb”.

X. Ismayıl cinayət işinin istintaqının effektiv aparılmaması, həmçinin yayılmış bəyanatda onun şəxsi həyatına dair informasiyaların olması əsası ilə məhkəməyə şikayət verib. Onun şikayətləri ölkə daxili həll olunmadığından 26 sentyabr 2013 və 31 iyul 2014-cü ildə Avropa Məhkəməsinə müraciət edib. O, Avropa İnsan Hüquqları üzrə Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ) maddəsinin, 10-cu (fikri ifadə etmək azadlığı) maddəsinin, 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırılması hüququ) və 8-ci maddə ilə birgə götürülməklə 13-cü maddəsinin (səmərəli hüquqi müdafiə vasitələri hüququ) pozuntusundan şikayət edib.

Vəkil deyir ki, hər iki iş üzrə Avropa Məhkəməsi tərəfindən 17 dekabr 2015-ci ildə kommunikasiya başlayıb və Azərbaycan hökümətinə aşağıdakı suallara cavab verilməsi tələb olunub:



1. Ərizəçinin evində gizli kamera və telefonun quraşdırılması, məqalələrin yazılmasına münasibətdə Konvensiyanın 8-ci maddəsi pozulubmu?





2. Baş Prokurorluq və Bakı şəhər Prokurorluğu tərəfindən yayılmış bəyanatda Ərizəçinin Konvensiyanın 8.1-ci maddəsində nəzərdə tutulan hüquqları pozulubmu?





3. Şikayət ərizəsində qaldırılan şikayətlərdə Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan informasiyalar əldə etmək və yaymaq hüququnun pozuntusu baş veribmi?





4. Yayılmış bəyanatla bağlı Ərizəçinin Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulan mülki hüquq və vəzifələrinin həyata keçirilməsi üçün ədalətli araşdırma aparılıbmı?





5. Bu şikayətlərlə bağlı Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan effektiv müdafiə vasitələri olubmu?





6. Tərəflərə “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin hökümət tərəfindən nəzarət edilməsinə dair kifayət qədər əsaslandırılmış sübutlar təqdim etməsi xahiş olunur.





7. Hökümətə 15 mart 2012-ci ildə başlanılmış cinayət işinin hazırki vəziyyəti və istintaq hərəkətləri ilə bağlı məlumat vermək xahiş olunur.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Xədicə İsmayılın iki işi üzrə kommunikasiyaya başlayıb