Vəkil Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) üzrə hüququnun pozulduğunu iddia edir
Avropa İnsan Hüquqları Məhkəməsi vəkil Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayıb.
Bu barədə “Turan” İnformasiya Agentliyinə X.Bağırov məlumat verib.
O, həbsdə olan müxalifət lideri, REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun məhkəməsində tənqidi çıxış edib. Bundan bir neçə gün sonra, 2014-cü il dekabrın 10-da Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyəti dayandırılıb. X.Bağırov Vəkillər Kollegiyasının qərarından 2015-ci ilin yanvarında Avropa Məhkəməsinə şikayət edib.
O, Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) üzrə hüququnun pozulduğunu iddia edir.
X.Bağırovun bundan öncə 2011-ci il avqustun 24-də polis bölməsində müəmmalı şəkildə vəfat etmiş Elvin Əsgərovun cinayət işi ilə bağlı mediada çıxışından sonra bir il vəkillik fəaliyyəti dayandırılmışdı.