Azərbaycan hökuməti müxalif fəala təzminat ödəyəcək
Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı müxalif fəal və publisist Seymur Həziyevin (Həzi) şikayəti ilə bağlı qərar qəbul edib.
Şikayət Seymur Həzinin küçədəki mübahisədən sonra tutulması ilə əlaqəli olub. “aihmaz.org” xatırladır ki, Məhkəmə işi jurnalistin xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.
Qeyd olunur ki, işin hallarına görə, 2014-cü ilin avqustunda ərizəçi ilə tanımadığı M.H. arasında insident baş verib:
“M.H. küçədə ərizəçiyə yaxınlaşıb, ondan “Facebook” vasitəsilə göndərdiyi mesajlara niyə cavab vermədiyini soruşub. Ərizəçi yəqin ki, onun mesajlarını görmədiyini bildirib, bu cavabdan sonra M.H. ərizəçiyə hücum edib, sifət nahiyəsinə yumruqla zərbə endirib. Ərizəçi özünü müdafiə edib, M.H-ni su qabı ilə vurub, hadisə yerini tərk edib. O, yaxındakı polis maşınındakı polis əməkdaşlarından kömək istəyib. Ərizəçi iddia edib ki, olay qurama olub, tənqidi mövqeyi ilə tanınan onu şərləmək məqsədi daşıyıb”.
Hadisənin araşdırması zamanı ərizəçiyə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə qədər həbs edilib. Məhkəmə ərizəçini təqsirli sayaraq, 5 il müddətinə azadlqıdan məhrum edib. Yuxarı məhkəmələr həmin hökmü dəyişməyib.
Barəsindəki bütün icraatların ədalətsiz və özbaşına olduğunu iddia edən ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirmişdi. AİHM məhkəmə prosesinin ədalətsiz və özbaşına məzmun daşıması iddialarını qəbul edib, ərizəçinin Konvemsiyanın 6-cı maddəsi ilə qorunan haqlarının pozulmassına qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə, 4600 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.

Məhkəmənin qərarına əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 3.600 min, hüquqi xərclərə görə 1000 avro ödənilməlidir.
Ərizəçi Seymur Maşgül oğlu Həziyev 1982-ci ildə anadan olub və Azərbaycan vətəndaşıdır. O, əvvəllər Azadlıq qəzetində yazılar yazırdı və hökuməti tənqid edən “Azərbaycan Saatı” adlı televiziya proqramının aparıcısı idi. O fəaliyyətinə görə 2016-cı ildə ildə beynəlxalq mükafata layiq görülüb.