Avropa Konvensiyasının 5.1, 5.3, 5.4, 6.2, 10 və 18-ci maddələrinin pozulması ilə bağlı şikayət verilib
Xədicə İsmayılın Avropa Konvensiyasının 5.1, 5.3, 5.4, 6.2, 10 və 18-ci maddələrinin pozuntusu ilə bağlı verilmiş şikayətə Avropa Məhkəməsi tərəfindən prioritet qaydasında baxılmasına qərar verildi və şikayətin qəbuledilənliyi və işin mahiyyəti üzrə öz qeydlərini göndərmək üçün Azərbaycan hökumətinə 15 yanvar 2016-cı ilə qədər vaxt verildi.
Bu qeydləri Xədicə İsmayılın vəkili Fariz Namazov öz Facebook səhifəsində yazıb.
Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayıla hökm oxunub. Jurnalist 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xədicə İsmayıl ona verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkərək, o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib. Jurnalistə qarşı qaldırılmış Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə ona bəraət verilib.