Ramil Səfərov

Mənbə: Meydan Tv

Başlıq: Ramil Səfərov

Avropa Məhkəməsi Ramil Səfərovun ekstradisiyası ilə bağlı qərarını açıqlayıb

Məqalə yeniləndi:  26 May 2020

Azərbaycan ərizəçilərə 15,143,33 funt sterlinq təzminat ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl ediblər.

Azərbaycan ərizəçilərə 15,143,33 funt sterlinq təzminat ödəməlidir.

İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. Həmin təlimdə erməni kurs yoldaşını öldürüb. Məhkəmədə kurs yoldaşı əslən erməni olan Qurqen Markaryanı onu təhqir etdiyi üçün qətlə yetirdiyini söyləyib. Ramil Səfərov buna görə 2006-cı il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə Ramil Səfərovu Azərbaycana təhvil verib. Sonradan o, Azərbaycanda əfv olunub və mayor rütbəsi ilə təltif edilib. Silahlı Qüvvələrin zabiti kimi fəaliyyət göstərən Ramil Səfərov hazırda polkovnik-leytenantdır.

Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb. Yekunda AİHM-ə şikayət ediblər. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, ona rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusu mübahisələndirilmişdi.

Ərizəçilər bundan əlavə, Ramil Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zlp4j5

Ən çox baxılan