Avropa Məhkəməsi: Putinin portretinə tüpürən şəxsin hüququ pozulub

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

“Rusiya hökuməti hərəkətin hər hansı ictimai qaydanın pozuntusuna və ya zorakılığa gətirib çıxarmasına dair sübutlar təqdim etməyib”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya Prezidenti Vladimir Putinin portretinə tüpürən Dmitriy Karyevin şikayəti ilə bağlı qərar qəbul edib.  

Məhkəmə Rusiyaya qarşı qəbul etdiyi qərarda “ictimai yerdə prezidentin portretinə tüpürmək ictimai qaydanı pozurmu?” – sualına cavab axtarıb.

Hadisə Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra, 2012-ci ildə olub. Onun inaquariyası zamanı Dmitriy Karyev adlı gənc başqa şəxslərlə birlikdə prezidentin qəbul mərkəzinin qarşısında Putinin portretini qoyub. Portretin yanında 2 şam yandırıb, üzərinə isə 1952-2012 yazıblar. Bununla Putinin hakimiyyətinin sona gəlməsini improvizə ediblər. Nümayiş bitdikdən sonra Dmitriy Karyev polislərin gözü önündə portretə tüpürüb. Bundan 4 saat sonra polis əməkdaşları Karyevi saxlayaraq barəsində “xırda xuliqanlıq” növündə inzibati protokol tərtib ediblər.

Bu hadisəni izləyən azərbaycanlı vəkil Fariz Namazlı deyir ki, yerli məhkəmə Dmitriy Karyevin bu hərəkətini ictimaiyyətə hörmətsizlik kimi qiymətləndirib. Onun barəsində 15 sutka inzibati həbs təyin edib.

“Bundan sonra ərizəçi AİHM-ə şikayət edərək ifadə azadlığının pozulduğunu iddia edib. Qeyd edib ki, Rusiya məhkəmələrini hərəkətin özündən çox, obyektin özü narahat edib. Çünki məhkəmə aktlarında o, “ümumxalq seçilmiş Rusiya prezidentinin portreti” kimi qeyd edilib”.

Foto: Dmitriy Karyevin şəxsi “Facebook” səhifəsindən

Vəkil qeyd edir ki, AİHM-in Rusiya hökumətinə göndərdiyi sorğuya verilən cavab isə daha maraqlı olub. Hökumət bildirib ki, ərizəçinin hüquqlarına müdaxilə qanuni və demokratik cəmiyyətdə zəruri olub. Çünki Dmitriy Karyev prezidenti təhqir etməkdə yox, ictimai qaydanın pozuntusunda təqsirli bilinib:

“O, bir çox insanın gözü önündə ictimai qayda və əxlaq qaydalarını kobud şəkildə pozub. Cavabda bildirilir ki, Rusiya prezidentinin portretinə tüpürülməsi siyasi fikrin təzahürü yox, qeyri-əxlaqi hərəkət forması olub”.

AİHM isə qərara gəlib ki, siyasətçinin ölkə başçısı seçilməsindən sonra onun şəklinə tüpürülməsinə siyasi inamın ifadə olunması kimi baxmaq lazımdır.

Məhkəmə bildirib ki, Rusiya hökuməti hərəkətin “xırda xuliqanlıq” kimi tövsif edilməsinin hər hansı ictimai qaydanın pozuntusuna və ya zorakılığa gətirib çıxarmasına dair sübutlar təqdim etməyib. Həmçinin həmin hərəkətin ətraf şəxslərin narazılığına və ya mənfi reaksiyasına səbəb olması da sübut edilməyib. Eyni zamanda, hadisə yerində olan polis əməkdaşları aksiyaya müdaxilə etməyib və ərizəçi yalnız 4 saat sonra həbs edilib. Sonda AİHM ərizəçinin ifadə azadlığının pozuntusunu əsas gətirərək Konvensiyanın 10-cu maddəsinin pozulduğuna qərar verib.

Məhkəmə bu qərarla həm də bildirib ki, Avropa ölkələrinin siyasi liderləri də tənqid və hətta ələ salmadan sığortalanmayıb. Gələcəkdə onların şəxsiyyətinə və peşəsinə hörmət həbs olunma təhlükəsinə söykənməməlidir.

Məhkəmədə Rusiyadan olan hakim Dmitriy Dedovsa Məhkəmənin qərarı ilə razılaşmadığını bildirib. “Hər bir fikir hörmət formasında olmalıdır”, – deyib:

“Bu prinsip universal və fundamentaldır. O, məhkəmə etikasından siyasi debatlara qədər hər şeyi əhatə edir və cəmiyyətdə sülh ab-havasının təminatına yönəlir. Dövlət qulluqçuları əksəriyyət tərəfindən seçilməyindən və ya təyin edilmələrindən asılı olmayaraq insandır və hörmət münasibətinə layiqdirlər”.

Ana səhifəDünyaAvropa Məhkəməsi: Putinin portretinə tüpürən şəxsin hüququ pozulub