Avropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 40 qərar qəbul edib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

2023-cü ildə Azərbaycandan göndərilmiş 111 ərizəyə baxılması hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən başa çatıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2023-cü ildə Azərbaycanla bağlı 40 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Bu statistik rəqəmlər AİHM prezidentinin yanvarın 25-də 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

AİHM Azərbaycanla bağlı qərarlarında ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Bu formatda 10 qərar çıxarıb.

Azadlıq və toxunulmazlıq, şəxsi həyata hörmət hüququnun pozuntuları 8 qərarda müəyyən edilib.

Yaşamaq hüququnun pozuntusu 3, işgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu 4, ifadə azadlığı hüququnun pozuntusu 3, birləşmək hüququnun pozuntusu 6, mülkiyyət hüququnun pozuntusu 5, effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusu isə 1 qərarda tanınıb.

AİHM 2023-cü ildə ümumilikdə 1014 qərar çıxarıb.

Rusiya. Foto: patrice6000/shutterstock

Ən çox qərar Rusiyaya qarşı olub – 217 ədəd. Həmin qərarlarda ən çox azadlıq və toxunulmazlıq (168 qərar), işgəncəyə məruz qalmamaq (156) və ədalətli məhkəmə araşdırması hüquqlarının (138) pozuntuları tanınıb.

Rusiyadan sonra 78 qərarla Türkiyə gəlir. Qərarlarda ən çox azadlıq və toxunulmazlıq (16 qərar), ədalətli məhkəmə araşdırması hüquqlarının (17) pozulmasına qərar verilib.

AİHM 2023-cü ildə Ermənistanla bağlı 25, Gürcüstanla bağlı 17 qərar elan edib. Ermənistana münasibətdə ən çox yaşamaq (11 qərar), Gürcüstana münasibətdə isə işgəncə və pis rəftara, ayrıseçkiliyə məruz qalmamaq hüquqlarının (hər biri üzrə 4 qərar) pozuntusu tanınıb.

Siyahıdan çıxarılan ərizələr

2023-cü ildə Azərbaycandan göndərilmiş 111 ərizəyə baxılması hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən başa çatıb. Bu işlərdə hökumət ərizəçilərin idddia etdiyi pozuntuları etiraf edib. 2021-ci ildə Azərbaycandan göndərilmiş 55, 2022-ci ildə isə 4 ərizəyə baxılması hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən yekunlaşmışdı.

Azərbaycan siyasi həyatı. Foto: Pilotsevas/shutterstock

2023-cü ildə Azərbaycandan göndərilən 154 ərizəyə baxılması tərəflərin dostca anlaşmaları ilə yekunlaşıb, ərizələr baxılacaq işlərin siyahısından xaric edilib. Bu göstərici 2021-ci ildə 67, 2022-ci ildə 64 olmuşdu.

Yeni ərizələr

2023-cü ildə yeni daxil olan ərizələrin sayında azalma müşahidə olunub. 2022-ci ildə 45 min 500 yeni ərizə icraata daxil olmuşdusa, 2023-cü ildə bu göstərici 34 min 650-yə düşüb. Həmin ərizələrin 438-i Azərbaycana aiddir. Bu göstərici 2021-ci ildə 425, 2023-cü ildə isə 389 olmuşdu.

Mənbə: Meydan.tv

2023-cü ildə ən çox ərizə Türkiyədən daxil olub – 8341. Ukraynadan 2531, Rumıniyadan 2821, Macarıstandan 2469 ərizə icraata daxil olub.

Məhkəmə Ermənistandan 147, Gürcüstandan 156 ərizəni icraata götürüb.

Baxılmasını gözləyən ərizələr

AİHM-də baxılmasnı gözləyən ərizələr azalıb – 2022-ci ildə 74 min 650 ərizə baxılmasını gözləyirdi, 2023-cü ildə bu göstərici 68 min 450-ə düşüb.

AİHM-də baxılmasını gözləyən ərizələrin sayı baxımından Türkiyə liderdir. Hazırda baxılmasını gözləyən 68 min 450 ərizədən 23 min 397-i Türkiyəyə qarşıdır. Bu, bütün ərizələrin 34 faizindən çoxdur.

2-ci sıradakı Rusiyadan 12453, Ukraynadan 8737, Rumıniyadan 4171, İtaliyadan 2743, Yunanıstandan 2429 ərizə baxılmasnı gözləyir.

Azərbaycan 7-ci sıradadır, 1877 ərizə baxılmasnı gözləyir.

Ermənistandan 836, Gürcüstandan isə 185 ərizə baxılmasını gözləyir.

Pozuntusu ən çox tanınan hüquqlar

AİHM 2023-cü ildə ən çox ədalətli məhkəmə arşadırması (372), azadlıq və toxunulmazlıq (348), işgəncə və pis rəftarın yolverilməzliyi (344) hüquqlarının pozuntusunu müəyyən edib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi ötən il Azərbaycanla bağlı 40 qərar qəbul edib