Avropa Məhkəməsi ölkədən çıxış qadağalarına baxacaq

Şikayətçilər arasında Meydan TV ilə əməkdaşlıqda günahlandırılanlar da var

Source:


Şikayətçilər arasında Meydan TV ilə əməkdaşlıqda günahlandırılanlar da var

Avropa İnsan Haqları Məhkəməsi 2012-2016-cı illərdə ölkədən çıxışına qadağa qoyulan ərizəçilərin şikayətləri üzrə kommunikasiya başlayıb.

Məlumat Avropa Məhkəməsinin saytında yerləşdirilib. Şikayətçilər arasında REAL idarə heyətinin üzvü Azər Qasımlı, jurnalist Aynur İmranova, Xədicə İsmayılova, hüquqşünas Rövşanə Rəhimli, Ənnağı Hacıbəyli və başqaları var.

Avropa Məhkəməsi həmçinin Meydan TV-nin fəaliyyəti ilə bağlı aparılan cinayət təqibi çərçivəsində müstəqil jurnalistlər Gülər Mehdizadə, Aynur Elgünəş, Aytac Əhmədova, Natiq Cavadlı, Aynurə Heydərova, Aytən Ələkbərova, İzolda Ağayevanın şikayətləri ilə bağlı hökumətə sorğu göndərib.

Məhkəmə Azərbaycan hökumətindən 2018-ci il yanrın 17-dək qeydlərini verməyi xahiş edib. Şikayətlərdə Konvensiyanın 4 saylı protokolunun 2, 8, 10, 13, 18-ci maddələrinin pozuntusunun tanınması xahiş olunub.

Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını etiraf etmirdilər. Göndərilən sorğular cavablandırılmırdı.

Qoyulan qadağalar son bir neçə ayda dövlət tərəfindən inkar edilmir. Jurnalistlərdən birinin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun cavabında deyilir ki, ibtidai istintaqı aparılan 152006048 №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə “Qadağandır” statusu ilə “Giriş-Çıxış”, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib.

Azərbaycanda Meydan TV İnternet-resursuna qarşı cinayət işi başlanıb. İş üzrə 15 jurnalistin adı keçir.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi ölkədən çıxış qadağalarına baxacaq