Avropa Məhkəməsi Nemət Pənahlının hüquq pozuntusunu tanıdı

Source:


Partiya sədri 3 min avro kompensasiya alacaq

Oktyabrın 19-da Avropa İnsan Haqları Məhkəməsi Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının işi üzrə qərarını elan edib. Məlumatı vəkil Fariz Namazlı yayıb. Bildirilir ki, şikayət Nemət Pənahlının 2011-ci ilin yanvar ayında Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ü maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlıdır. Belə ki, həmin tarixdə N.Pənahlı barəsində cinayət işi başlanılıb və 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra onun həbsdə saxlama müddəti 1 ay müddətinə artırılıb.

“Avropa Məhkəməsi hesab edib ki, yerli məhkəmələr şikayətçi barəsində həbs-qətimkan tədbiri seçərkən Konvensiyanın 5.3 (həbsin seçilməsinin əsaslandirilmasi) maddəsini pozub. Nəticədə mənəvi zərərə gorə N. Pənahlıya 3000 euro, məhkəmə məsrəflərinə görə 1000 euro kompensasiya təyin edilib”- vəkil qeyd edib. Şikayətçinin hüquqlarını İntiqam Əliyev müdafiə edib.

Nemət Pənahlı 2011-ci ilin yanvar ayında CM-nin 127.2.3 və 221.3 maddələri ilə müqəssir bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. N.Pənahlı ona qarşı irəli sürülən iddiaları qəbul etməyib və həbsini siyasi fəaliyyətilə əlaqələndirib. Beynəlxalq hüquq təşkilatları da N.Pənahlının həbsinin siyasi xarakterli olduğunu bəyan edib.

17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv olunub.

Nemət Pənahlı 1988-ci illərdə Meydan Hərəkatının liderlərindən biri olub, həbs edilib. 1989-cu ildə Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlərindən biri kimi aktiv fəaliyyət göstərib, amma sonradan Xalq Cəbhəsindən ayrılaraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevlə əməkdaşlıq edib. 1992-ci il 4 iyun Gəncə hadisələri zamanı sonradan baş nazir olan Surət Hüseynovun yanında olub. Heydər Əliyev prezident seçiləndən sonra onun müşaviri olub. 1995-ci il parlament seçkisi ərəfəsində seçkinin saxtalaşdırılacağını əsas gətirib vəzifəsindən istefa verib. Həmin vaxt bildirib ki, onda seçiləcək deputatların hazır siyahısı var və siyahını mətbuata verib. Seçkinin nəticələri ilə onun siyahısı üst-üstə düşüb.

Sonradan Milli Dövlətçilik Partiyası yaradıb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Nemət Pənahlının hüquq pozuntusunu tanıdı