Mənəvi zərərə görə ona 20 min avro ödənilməlidir
Avropa İnsan Hüquqları Məhkəməsi İntiqam Əliyevin işi üzrə qərarını elan edib.
Bu barədə vəkil Fariz Namazlı “Facebook” sosial şəbəkəsində olan səhifəsində yazıb.
O qeyd edib ki, məhkəmə İnsan Hüquqları Konvensiyasının 3 (9-12 avqust 2014-də saxlanma şəraiti), 5.1, 5.4 (azadlıq hüququ), 8 (şəxsi həyata müdaxilə), 18 (hüquq pozuntusunun siyasi məqsədlər üçün həyata keçirilməsi) maddələrinin pozuntusunu tanıyıb.
“Mənəvi zərərə görə 20 min avro, məhkəmə məsrəflərinə görə 6 min 150 avro kompensasiya müəyyən etdi”.
İ.Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidentidir. O, 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla üzləşən hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı.
O, ittihamları rədd edirdi və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə görə cəzalandırıldığını bildirirdi.
2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kasasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxıb. Martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verilib.