Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı növbəti qərarını verdi (Yenilənib)

“Ədalət mühakiməsi hüququ pozulub”

Source:


“Ədalət mühakiməsi hüququ pozulub”

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını

elan etdi.

Məhkəmə qərarda 6-cı maddənin (ədalət mühakiməsi hüququ) pozuntusunu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edib.

Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, məhkəmə bununla onların haqlı olduğunu birmənalı şəkildə müəyyən edib:

“18-ci maddəyə gəlincə, birinci işdə bu maddənin 5-ci maddə ilə bir yerdə – azadlıq hüququnun pozuntusu müəyyən olunmuşdu. Ona görə məhkəmə hazırkı işdə həmin maddənin tətbiqi müzakirə edilmədi. Amma 6-cı maddənin ciddi şəkildə pozuntusunun müəyyən edilməsi İlqar Məmmədovun bir daha dərhal azad edilməsini aktuallaşdırır”.

Vəkil bu qərardan sonra hərəkətləri hakimiyyətdən gözlədiyini dedi.


Məhkəmənin qərarı ilə İlqar Məmmədova 10 min avro məbləğində kompensasiya verilməlidir.


Vəkil bildirib ki, bu qərarda İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə göstəriş yoxdur:


“Biz bu məsələni qaldırmışdıq. Mən Avropa Məhkəməsinin motivlərinin nə olduğunu bilmirəm. Ola bilər ki, birinci qərarda dərhal azadlığa buraxılması qoyulduğundan ikinci qərarda qeyd etməyiblər”.


F.Ağayev bildirib ki, Avropa Məhkəməsi İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulduğunu bir çox aspektlərdə müəyyənləşdirib, yəni ədalətli məhkəmə araşdırılması aparılmayıb.


“Bundan başqa


Avropa Məhkəməsi, Konvensiyanın 13 (səmərəli hüquq müdafiə vasitələri) və 14-cü (ayrı-seçkiliyin qadağay olunması) maddələrini qəbul edilən hesab etsə də, 6-cı maddənin pozuntusunun müəyyənləşdirilməsi ilə kifayətlənib. Məhkəmə həmçinin 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddənin qəbuledilənliyi və mahiyyəti üzrə məsələyə də baxmayıb. Bununla əlaqədar biz Avropa Məhkəməsinin Böyük Palatasına müraciət etmək hüququnu ozümüzdə saxlayırıq.


Onu da deyim ki, indiyə kimi Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsi ilə birgə götürüldükdə, 18-ci maddənin pozuntusunu heç bir işdə müəyyən etməyib.


Xatırladıram ki, birinci ərizə üzrə qərarda Konvensiyanın 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan başqa, onunla birgə 18-ci maddəsinin də pozuntusu müəyyən edilmişdi. Məhz həmin pozuntu qərarın icra edilməsinə nəzarət edən Nazirlər Komitəsinə əsas vermişdir ki, İlqar Məmmədovun azad edilməsini tələb etsin.


”.


Kompensasiyanın az olmasına gəlincə, vəkil bildirib ki, mülkiyyətə dair işləri kənara qoymaq şərtilə onun apardığı işlərdə kompensasiya məsələsi o dərəcədə aparıcı rol oynamır.

“Kompensasiyanın məbləği nə qədər olması vəkildən və ərizəçidən çox jurnalistləri maraqlandırır”, – F.Ağayev deyib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun bir şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir.

Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır.

Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi İlqar Məmmədovla bağlı növbəti qərarını verdi (Yenilənib)