”İş üzrə effektiv araşdırma aparılmayıb”
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir qərarını elan edib.
Vəkil Fariz Namazlının Meydan TV-yə verdiyi məlumata görə, “Malik Babayev Azərbaycana qarşı” işdə göstərilir ki, ərizəçinin oğlu Zakir Babayev 2009-cu ilin noyabr ayının 14-də Gədəbəy rayonunda hərbi hissədə qarovulda olarkən əsgər yoldaşları güllə səsi eşidiblər və Z. Babayevin meyidini aşkar ediblər:
“Həmin gün Qazax Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan cinayət hadisəsi olmaması əsası ilə icraata xitam verilib. Yerli məhkəmələr həmin qərarı qüvvədə saxlayıb və hesab ediblər ki, iş üzrə bütün tədbirlər görülüb.
Avropa Məhkəməsi isə hesab edib ki, bu iş üzrə effektiv araşdırma aparılmayıb, buna görə Konvensiyanın 2-ci maddəsinin (araşdırılma aparılmaması) pozuntusunu elan edib və mənəvi zərərə görə 15000 avro kompensasiya təyin edib”.