Məhkəmə 4 şikayət üzrə qərarını açıqlayıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 5-də bir qrup Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayətləri üzrə 4 qərarını elan edib.
Ermənistana qarşı işlərin hamısında ərizəçiləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov təmsil edib.
“Salman Qurbanov Ermənistana qarşı” – işində Bakıda yaşayan Azərbaycan vətəndaşı olan ərizəçinin Azərbaycan Silahlı Qüvvələrində xidmət edən 22 yaşlı oğlu 2016-cı il dekabrın 29-da Azərbaycan və Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalarda həlak olub. Onun meyiti Ermənistanın Tavuş rayonunda tapılıb. Məhkəmə işi həlak olmuş hərbçinin nəşinin verilməsinin gecikdirilməsi, yalnız 2017-ci il fevralın 5-də ailəsinə təhvil verilməsi ilə bağlı olub.
Ərizəçi onlara münasibətdə Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 8-ci (şəxsi və ailə həyatına hörmət), 13-cü (effektiv müdafiə vasitələrinə malik olmaq) və 14-cü (ayrıseçkiliyin qadağan edilməsi) maddələrinin pozulduğunu iddia edib. AİHM bu işdə pozuntu olmadığını bildirib.
“Firuzə Əsgərova və Albina Veselova Ermənistana qarşı” – işi AİHM-ə 2015-ci ildə təqdim edilib. Ərizəçilər Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini və Tərtər rayonunun Qarağacı kəndində yaşayan Rusiya vətəndaşıdır. Onlar erməni hərbçiləri tərəfindən tutulub məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarıdır.
Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanılması, mühakimə və məhkum olunması ilə bağlı icraatlar onların Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 13-cü və 14-cü maddələri ilə təminat altına alınan işgəncənin yolverilməzliyi, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə malik olmaq və ayrıseçkiliyin yolverilməzliyi hüquqlarını pozub. AİHM bu ərizəni qəbuledilməz sayıb.
“Abbas Allahverdiyev Ermənistana qarşı” – işində ərizəçi Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sakini olub. O, 2016-cı ilin aprel döyüşləri zamanı təmas xəttindən bir neçə kilometr aralıda olan kəndindəki evi davamlı atəşə tutulduğuna görə evini tərk edib, qonşu kəndlərdə məskunlaşıb. Çünki evinə mərmi düşüb və o, üz və göz nahiyələrindən xəsarətlər alıb. Mərmilər onun evinə də ziyan vurub, 60-dan artıq heyvanı tələf olub. Ərizəçi AİHM qarşısında yaşamaq, işgəncəyə məruz qalmamaq, şəxsi həyata hörmət, mülkiyyət və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulduğunu iddia edib. AİHM bu ərizəni də qəbuledilməz sayıb.
“İslam Əliyev Ermənistana qarşı” – işinin halları “Abbas Allahverdiyev Ermənistana qarşı” işinin halları ilə oxşardı. 2016-cı il aprel döyüşləri zamanı ziyana məruz qalan ərizəçi AİHM qarşısında oxşar pozuntu iddiaları irəli sürüb. Məhkəmə bu ərizəni də qəbuledilməz sayıb.
2016-cı il aprelin 2-də Qarabağda atəşkəsin pozulması bir neçə gün davam edən irimiqyaslı hərbi toqquşmaya səbəb olub. Rəsmi məlumatlarda 3 gün davam edən döyüşlərdə hər iki tərəfdə onlarla itki olduğu bildirilib.
Azərbaycanın Müdafiə Nazirliyi döyüşlərdə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğaldan azad edildiyini bildirib.
Prezident İlham Əliyev “aprel döyüşləri”ni Azərbaycan tarixinin şanlı səhifəsi kimi qiymətləndirib.