Avropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı dərhal reaksiya verib

Foto: Bəxtiyar Hacıyevin şəxsi arxivindən

Strasburq dövlətə suallar göndərib

Həbsdə 7 gündür ki, aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin vəkillərinin onun hazırkı durumuyla əlaqədar aralıq qərarın qəbulu üçün Avropa Məhkəməsinə dekabrın 21-də ünvanladığı müraciətinə Strasburqdan dərhal reaksiya verilib. Vəkil Aqil Layıcın Meydan TV-yə bildirdiyinə görə, Avropa Məhkəməsi artıq Bəxtiyar Hacıyevin təhlükəsizliyi, eyni zamanda, aclıq aksiyası nəticəsində sağlıq durumuyla bağlı dövlətə suallar göndərib.

“Həmçinin onun qorunmasının təmin edilib-edilməməsi məsələsi də suallar arasındadır. Dövlət qısa zaman ərzində suallara cavab verməlidir”, – vəkil bildirib.

Müdafiə tərəfi deyir ki, dekabrın 15-dən başlanmış aclıq nəticəsində Bəxtiyar Hacıyevin səhhətində yaranmış problemləri, onun saxlanma şəraitini və s. nəzərə alaraq, lazımi addımların atılması zərurəti yaranıb. Bu üzdən Avropa Məhkəməsinə müraciət ediblər ki, aralıq qərar qəbul edilsin, təcili şəkildə həmin addımlar atılsın.

Vəkil Aqil Layıc müvəkkilini dekabrın 20-də ev dustaqlığına buraxmaqdan imtina edən Xətai rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun bu qərarından apelyasiya şikayəti vermişdi. Həmin məhkəmənin də vaxtı məlum olub. Şikayətə Bakı Apelyasiya Məhkəməsində dekabrın 23-də hakim Qədim Babayevin sədrliyilə baxılacaq.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qalıb. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Bəxtiyar Hacıyevlə bağlı dərhal reaksiya verib