“Yahova şahidləri” üzvlərinin şikayətinə baxılıb
Avropa İnsan Haqları Məhkməsi (AHİM) fevrlaın 11-də Azərbaycandan göndərilən şikayətlər üzrə iki qərarını elan edib.
Hər iki qərar hökumətin məhkəməyə təqdim etdiyi təktərəfli bəyannamə diqqətə alınmaqla qəbul edilib.
Məhkəmənin məlumatında deyilir ki, Nicat Pənahov və başqaları Azərbaycana qarşı işdə ərizəçilər 4 nəfər – Nicat Pənahov, Şəlalə Atamova, Mehparə Cəfərova və Lalə Yusifova olub.
“Yahova Şahidləri” dini icamsının üzvləri olan bu ərizəçilər qatıldıqları dini toplantıya polis müdaxiləsi olmasından şikayət ediblər. Ərizəçilər iddia ediblər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, dini azadlığı və toplaşmaq hüquqlarına müdaxilə edilib. Kommunikasiya zamanı Azərbaycan hökuməti məhkəməyə təktərəfli bəyannamə təqdim edib – iddia olunan pozuntuların baş verdiyini etiraf edib, pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro (bütünlükdə 16 min avro) verilməsini təklif edib.
Ərizəçilər hökumətin təktərəfli bəyannaməsi ilə razılaşmasalar da, AHİM şikayətin davam etdirilməsi üçün lazımi əsasların olmadığına qərarı verib və şikayət baxılacaq işlərin siyahısından çıxarılıb. Qərara görə, hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəyəcək.
Sadullah Genc və başqaları Azərbaycana qarşı işi də dini toplantıya imkan verilməməsi, polislər tərəfindən dağıdılması ilə bağlı idi. Bu işdə ərizəçilər – Sadullah Genc, Tuğrul Kıraz və Saim Samur 2 min manat cərimə olunub və ölkədən çıxarılmalarına qərar verilib. Onlar iddia edirlər ki, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və din azadlığı hüquqlarına müdaxilə edilib. Bu işdə də hökumət, məhkəməyə təktərəfli bəyannamə təqdim edib – iddia olunan pozuntuların doğrudan da baş verdiyini etiraf edib, pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro ödənilməsini təklif edib. AİHM bu təklifi yetərli sayıb və şikayətin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəməlidir.