Avropa Məhkəməsi

Mənbə: Avropa Məhkəməsi

Başlıq: Avropa Məhkəməsi

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir pozuntunu tanıdı

Məqalə yeniləndi:  23 Sentyabr 2021

Hökumətlə ərizəçi razılaşandan sonra yekun qərar açıqlanacaq

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) daha iki azərbaycanlının mülkiyyət hüququnun pozuntusunu tanıyıb.

Məhkəmənin sentyabrın 23-də çıxardığı qərarlardan biri “Qəzənfər Məmmədov Azərbaycana qarşı” işi ilə bağlıdır.

İş ərizəçinin vicdanlı alıcı olaraq, alqı-satqı yolu ilə sahibləndiyi kafenin, Bakı Metropolitenin verdiyi iddia üzrə (kafenin qanunsuz tikilməsi) çıxarılan məhkəmə qərarına əsasən, sökülməsi ilə bağlı olub.

Ərizəçi söküntünün qanunsuz olması əsası ilə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi onun iddiasını təmin edərək, ona təzminat ödənilməsinə qərar vermişdi. Ancaq yuxarı məhkəmələr həmin qərarı ləğv etmişdi. Ərizəçi AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisələndirmişdi.

Avropa Məhkəməsi bu işdə Q.Məmmədovun mülkiyyət hüququna müdaxilənin baş verdiyi qərarına gəlib.

Ərizəçi AİHM qarşısında maddi tələb irəli sürmədiyindən, məhkəmə təzminat müəyyən etməyib.

“Suqra Quliyeva Azərbaycana qarşı” digər iş isə ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlı olub.

Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa etmişdi. Sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı.

Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da, ərizəçiyə pul ödənməmişdi.

O, 178 min AZN təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə vermiş, amma iddiası təmin olunmamışdı.

Avropa Məhkəməsi qərarında ərizəçinin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddialarını əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğuna qərar verib.

Təzminat tələbi ilə bağlı – bu işdə ərizəçi maddi ziyana görə 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb etmişdi. Hökumət isə təzminat tələblərinin rədd olunmasını istəmişdi.

Təzminat məsələləri ilə bağlı qərar verməyə hazır olmadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı AİHM-i məlumatlandırmalıdılar.

AİHM bu hissə ilə bağlı yekun qərarını ondan sonra açıqlayacaq.

2 gün öncə də AİHM Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı qərar qəbul etmişdi. Həmin qərarla məhkəmə Azərbaycanı 64 min avro cərimələmişdi.

Azərbaycandan göndərilmiş 7 şikayət ərizə (“Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı”) Səbail rayon sakinlərinin pozulan mülkiyyət hüquqları barəsində idi. Onların evi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, 2011-2012-ci illərdə yol tikintisi zamanı sökülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wtjzkp

Ən çox baxılan