”Məhkəmə 1 saylı protokolun pozuntusu ilə bağlı hökumətə suallar göndərib”
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha bir iş üzrə kommunikasiyaya başlayıb. “Məzahir Cəfərov və başqalarının (daha 4 nəfər) işi” Azərbaycan Mülki Məcəlləsinin 228.2-ci maddəsi üzrə yaşayış sahəsinə istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsinə aiddir.
Bu barədə məlumatı vəkil Fariz Namazlı verib. Bildirib ki, həmin işlərdə yerli məhkəmələr iddianı rədd edərkən kompensasiyanın başqa ərazidə analoji şərtlər əsasında yaşamağa imkan verməməsini əsas götürüb:
“Avropa Məhkəməsi bu işlər üzrə ədalətli məhkəmə araşdırması hüququ, əsaslandırılmış məhkəmə qətnaməsi almaq hüququ (Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 maddəsi), mülkiyyət hüququnun (1 saylı protokolun 1-ci maddəsi) pozuntusu ilə bağlı hökumətə suallar ünvanlayıb. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsinin R.Ağalarovun 26 sentyabr 2007-ci il tarixli şikayəti üzrə Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında “müəyyən müddət” anlayışını və kompensasiya məbləğinin necə hesablanması barədə izah istəyib”.