Məhkəmə hökumətə suallar ünvanlayıb
Avropa Məhkəməsi Azərbaycana qarşı daha 4 iş üzrə kommunikasiyaya başlayıb. Məlumatı vəkil Fariz Namazlı yayıb.
“Quliyeva Azərbaycana qarşı” işdə məhkəmə Konvensiyanın 6.1 (məhkəmə qərarının əsaslandırılmaması) və Konvensiyaya 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusunun baş verib verməməsi ilə bağlı hökümətə suallar ünvanlayıb.
“Cahangirov və başqaları Azərbaycana qarşı” işdə 13 iş üzrə 22 vətəndaşın şikayəti üzrə kommunikasiya başlayıb. Fariz Namazlı deyir ki, bu işlərdən 2-si onun “Azad İqtisadiyyata Yardım İctimai Birliyi”nin layihəsi çərçivəsində apardığı işlərdir:
“Dövlət ehtiyacları üçün evlərin, ofislərin, torpaqların alınması ilə bağlıdır. Konvensiyanın 6.1 (məhkəmə qərarının əsaslandırılmaması, işə ağlabatan müddətdə baxılmaması, 8 (mənzilə hörmət hüququ), 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) pozuntusunun baş verib verməməsi ilə bağlı hökümətə suallar ünvanlanıb. “Kapelko və digərləri (5 ərizəçi) Azərbaycan qarşı iş”də Bakıda aparılan abadlaşma, quruculuq işləri ilə bağlı evlərin söküntüsündən danışılır. Məhkəmə Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyaya 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusunun baş verib verməməsi ilə bağlı hökümətə suallar ünvanlayıb”.
Vəkil deyir ki, sonuncu “Religious Community of Jehova’s Witnesses Azərbaycan qarşı” olan işdir. Burada icma ölkəyə dini kitabların gətirilməsinə icazənin verilməməsindən şikayət edib. Məhkəmə Konvensiyanın 9 (vicdan azadlığı), 10 (ifadə azadlığı) və 14-cü (dini ayrı seçkilik) maddələrinin pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb.