Avropa Məhkəməsi Azərbaycanla bağlı 120-dən çox şikayəti araşdırmağa başlayıb

Şikayətlərin hamısı mülkiyyət hüquqlarının pozuntusu ilə bağlıdır

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi
Avropa Məhkəməsi
Avropa Məhkəməsi


Şikayətlərin hamısı mülkiyyət hüquqlarının pozuntusu ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan dövlətinə qarşı 120-dən çox şikayəti araşdırmağa başlayıb. Ərizəçilər yerli qurumların mülkiyyət hüquqlarına müdaxilə etdiklərini iddia edirlər.

Bu haqda AİHM-in saytı xəbər verir.

İddia olunan pozuntular eynilik təşkil etdiyindən, Avropa İnsan Hüquqları Məhkəməsi 120-dən artıq şikayəti 5 icraatda birləşdirib.

Vəkil Fariz Namazlı bildirir ki, həmin işlərdən biri Solmaz Orucova və digər 119 vətəndaşın şikayəti ilə bağlıdır:

“Bu insanlar vaxtilə Bakıda və müxtəlif regionlarda mənzilə, ticarət obyektlərinə sahib olublar. Mülkləri dövlət ehtiyacları əsası ilə sökülüb. Bu zaman onlardan bəzilərinə müəyyən kompensasiyalar da ödənilib. Şikayətçilər isə söküntü, eləcə də kompensasiyaların məbləği il razılaşmayıb, yerli məhkəmələrə müraciət ediblər. Ancaq məhkəmələr onların şikayətlərini təmin etməyib. Yuxarı instansiyalar isə rayon məhkəmələrinin qərarlarını dəyişdirmədən qüvvədə saxlayıb”.

AİHM-in şikayətlərini araşdırmağa başladığı Əlif, Nabika, Ruslan və İbrahim Əhmədovlar da mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edirlər. Onlar Bakıda, 1938-ci ildə tikilmiş binada yaşayıblar. Ancaq həmin bina ərazinin Dövlət Neft Şirkətinin balansında olması səbəbiylə sökülüb. Əhmədovlara təzminat da ödənilməyib.

Babasahib Babayevin Azərbaycana qarşı işində isə söhbət mənzili məcburi köçkünlərin tutmasından gedir. B.Babayevə mənzilin orderi verilib, ancaq indiyədək həmin mənzilə sahiblənməsinə imkan verilməyib. Üstəlik, Binəqədi Rayon Məhkəməsi qərarında göstərib ki, B.Babayevə mənzilin orderi verilərkən, ora boş olmayıb. Mənzil boş olmayıbsa, deməli, order də qanuni sayılmaya bilər.

AİHM-in araşdırmağa başladığı “Nazim Məmmədov Azərbaycana qarşı” işi də mülkiyyət hüququnun pozuntusu ilə bağlıdır. Şikayətdə bildirilir ki, N.Məmmədov 2004-cü ildə Gədəbəy rayonunun bir kəndində yerli bələdiyyənin qərarı ilə 0.08 hektar torpaq sahəsini satın alıb. Ancaq 6 il sonra bələdiyyə satılmış torpaq sahəsinin ümumi parkın bir hissəsi olmasını əsas gətirərək, öz qərarını ləğv edib. Ancaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi N.Məmmədova torpaq sahəsinin parka aid olmadığı barədə sənəd təqdim edib. Bundan sonra şikayətçi məhkəməyə üz tutaraq həmin qərarın ləğv edilməsini, habelə təzminat ödənilməsini tələb etsə də, onun tələbləri rədd edilib.

Dursun Rüstəmovanın Azərbaycana qarşı işində isə qanunsuz tikilini Sumqayıt şəhər İcra Hakimiyyətinin sökdüyü iddia edilir.

AİHM qeyd olunan şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib. Hökumət yaxın 3 ay ərzində onlara cavab verməlidir.

Bütün bu işlərdə şikayətçilər hesab edir ki, ölkədaxili məhkəmələr onların Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunan hüquqlarına müdaxilə edib. Şikayətçilər məhkəmədən Avropa Konvensiyasının 1 Saylı Protokolunun 1-ci (Mülkiyyət hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması) və 8-ci (Şəxsi həyata hörmət) maddələrinin pozuntusunun tanınmasını istəyir. Habelə, dəymiş maddi və mənəvi ziyanın kompensasiya edilməsi tələb edilir.

Ərizəçiləri nümayəndələr Rüstəm Zülfüqarov, Ruslan Mustafazadə, Nəvaid Abbasov, Elman Mustafayev, Cabbar Həsənov, Cəfər Qəribov, Fuad Ağayev, Vaqif Hacıbəyli, Muxtar Mustafayev, Ağaveys Şahverdi, Şəfa Camalzadə, Vaqif Əliyev, İntiqam Əliyev, Nemət Heydərov, Ceyhun Əbduləzimov, Xalid Bağırov, Famil Məmmədov təmsil edir.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Azərbaycanla bağlı 120-dən çox şikayəti araşdırmağa başlayıb