Avropa Məhkəməsi Azərbaycanı yenə də cərimələdi

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

AİHM bir iş üzrə iddiaları qəbuledilməz sayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 1-də Azərbaycandan göndərilmiş ərizələr üzrə daha 4 yekun qərar və qərardadını elan edib.

“Ayxan Axundov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçi ilə özəl yükdaşıma şirkəti olan “Azintrans” arasında əmlak mübahisəsi ilə bağlı mülki məhkəmə proseslərinə aiddir.

Ərizəçi Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) və 1 Saylı Protokolun 1-ci maddəsinə (əmlakın qorunması) əsaslanaraq, daxili məhkəmələrin öz qərarlarını əsaslandırmamasından, məhkəmə icraatının ədalətsiz olmasından, nəticədə torpaq sahəsini və tikililərini itirməsindən şikayət edib.

Ərizəçi həmçinin yerli məhkəmələrin “Azintrans”ın gecikmə ilə verdiyi apellyasiya şikayətini icraata qəbul edib baxmasından və bu haqda onu məlumatlandırmamasından şikayət edib.

Məhkəmə bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb, digər pozuntu iddiasını araşdırmağa ehtiyac görməyib.

Hökumət ərizəçiyə 4950 avro mənəvi zərər, xərc əvəzi ödəyəcək.

“Bəsti Orduxanova Azərbaycana qarşı” işin faktlarına görə, ərizəçi 20 avqust 2005-ci ildə 2005-ci ilin aprel ayında aldığı mənzilin mülkiyyət hüququ və ona sahiblik hüququ ilə bağlı bir neçə cavabdehə qarşı (mənzilin alqı-satqısı müqaviləsini etibarsız sayılması ilə bağlı) Yasamal Rayon Məhkəməsində mülki iddia qaldırıb.

Yasamal Rayon Məhkəməsi 16 noyabr 2005-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı başqa məhkəmə prosesinin davam etməkdə olması əsası ilə iclası təxirə salıb.

İclas 2008-ci ildə qeyri-müəyyən bir tarixdə davam etdirilib.

21 iyul 2008-ci il tarixdə Yasamal Rayon Məhkəməsi ərizəçinin iddiasını qismən təmin edib.

Ərizəçinin şikayətini 10 dekabr 2008-ci ildə Bakı Apelyasiya Məhkəməsi rədd edib.

Ərizəçinin kassasiya şikayətindən sonra 7 iyul 2009-cu il tarixdə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək işi geri qaytarıb.

Bakı Apelyasiya Məhkəməsi 13 oktyabr 2011-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli qərarını qüvvədə saxlayıb.

Ali Məhkəmə ərizəçinin kassasiya şikayəti əsasında işi yenidən apelyasiya instansiyasına qaytarıb.

Bakı Apelyasiya Məhkəməsi işə 3-cü dəfə baxıb, ərizəçinin apelyasiya şikayətini qismən təmin edib.

Ərizəçinin Ali Məhkəməyə növbəti kassasiya şikayəti isə təmin edilməyib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edib.

Məhkəmə bu ərizədə qaldırılan şikayətləri qəbuledilməz sayıb.

“Lətif Əhmədov Azərbaycana qarşı” – mülkiyyət hüquqi ilə bağlı olan bu işin faktlarına görə, ərizəçinin Sumqayıtdakı şadlıq saraylarından birində 50%-lik payı olub.

2007-ci il avqustun 28-dən oktyabrın 23-dək ərizəçi Azərbaycanın hüdudlarından kənarda səyahətdə olub.

Həmin vaxt, 4 sentyabr 2007-ci il tarixdə ərizəçinin qardaşı oğlu özəl banklardan biri ilə kredit müqaviləsi bağlayıb.

Həmin gün ərizəçinin qardaşı guya ərizəçinin Azərbaycanda 30 avqust 2007-ci il tarixdə verdiyi etibarnamə əsasında həmin bankla ipoteka müqaviləsi bağlayıb.

Ərizəçinin qardaşı və qohumu sonralar başqa kredit müqavilələri də başlayıblar.

Ərizəçi 29 iyul 2010-cu il tarixdə Sumqayıt Məhkəməsində özəl banka qarşı iddia qaldırıb, etibarnamənin, ipoteka müqaviləsinin və ona edilən dəyişikliklərin etibarsız sayılmasını istəyib.

Bundan bir ay sonra isə özəl bank məhkəmədə iddia qaldıraraq, ərizəçinin qardaşının kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, ərizəçinin əmlakının ipoteka müqaviləsinin şərtlərinə uyğun olaraq hərrac yolu ilə satılmasını tələb edib.

19 aprel 2011-ci il tarixdə Sumqayıt Məhkəməsi ərizəçinin iddiasını rədd edib, eyni zamanda, özəl bankın iddiasını təmin edib.

Məhkəmə qeyd edib ki, etibarnamə ərizəçi tərəfindən verilməsə belə, o, “əmlakının girov qoyulmasından xəbərsiz ola bilməzdi”.

Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edirdi.

Məhkəmə bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb, digər pozuntu iddiasını araşdırmağa ehtiyac görməyib.

Hökumət ərizəçiyə 4100 avro mənəvi zərər, xərc əvəzi ödəyəcək.

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycana qarşı” – işindəki ərizə jurnalistika sahəsində ixtisaslaşmış QHT-nin ofisində axtarış aparılmasının qanunsuzluğu barədə iddiları özündə ehtiva edib.

Ərizəçi rəsmi qurumların ofisdəki sənədləri, o cümlədən kompüterləri, diskləri, USB flash daşıyıcılarını, QHT-nin möhürünü və ştampını qanunsuz götürdüyünü bildirirdi.

Ərizədə şəxsi həyata hörmət, birləşmək, mülkiyyət hüquqularının pozuntusu mübahisələndirilmişdi.

Ərizəçi təşkilat ofisdə axtarış və götürmənin həyata keçirilməsinin siyasi məqsədli olduğunu iddia edirdi.

Məhkəmə bu işdə şəxsi həyata hörmət hüququnun pozuntusunu tanıyıb, digər pozuntu iddiasını araşdırmağa ehtiyac görməyib.

Hökumət ərizəçiyə 4500 avro mənəvi zərər əvəzi ödəyəcək.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycanı yenə də cərimələdi