AİHM: “Ərizəçinin azadlıq və toxunulmazlıq hüququna müdaxilə edilib”
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprelin 28-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə daha bir qərarını elan edib.
AİHM qərarında ərizəçinin ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib.
“Bəhruz Həsənov Azərbaycana qarşı”
Bu işdə ərizəçi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi olub.
2012-ci ildə evinə gedərkən ona küçədə tanımadığı şəxs yaxınlaşıb. Həmin şəxs Bəhruz Həsənovu ailəsini təhqir etməkdə ittiham edib. Söhbət zamanı yaxınlıqdakı binalardan birinin girişində dayanmış mülki geyimli polis əməkdaşı yaxınlaşıb və onları Suraxanı Rayon Polis İdarəsinə aparıb.
Vəkilin iştirakı olmadan dindirilmə
Ərizəçi bildirib ki, polis bölməsində vəkilin iştirakı olmadan dindirilib.
Seçdiyi vəkillə təmin olunmaq tələbinə isə məhəl qoyulmayıb.
Yekunda o, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsini (polis əməkdaşının qanuni əmrinə tabe olmama) pozmaqda günahlandırılıb. Nəticədə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbs cəzası alıb.
Şikayətçinin iddiaları
Şikayətdə iddia olunur ki, məhkəmə prosesi sözdə açıq keçirilsə də, ictimaiyyət nümayəndələri, ərizəçinin yaxınları, AXCP-dən olan həmkarları iclasa buraxılmayıb.
Ərizəçi AİHM-ə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulması ilə bağlı şikayət edib. Bildirib ki, saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb. Əslində isə bütün bu olub-bitənlər heç bir faktiki əsasa söykənməyib.
Bəhruz Həsənov həmçinin, iddia edib ki, ona münasibətdə Konvensiyanın 6.1, 6.3-cü (b və c) maddələri də pozulub.
Məhkəmənin qərarı
Məhkəmə ərizəçinin hər iki iddiasının əsaslı olması qərarına gəlib. Bildirib ki, ərizəçinin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.
Odur ki, hökumət ərizəçiyə 4500 avro təzminat ödəməlidir.